“Fizika xanımlar üçün deyil” dedi, işdən qovuldu

“Fizika xanımlar üçün deyil” dedi, işdən qovuldu
  02 Oktyabr 2018    Oxunub:3475
İtaliyanın Piza Universitetinin professoru və Avropa Nüvə Tədqiqatları Mərkəzinin (ANTM) baş tədqiqatçısı olan Alessandro Strumiya fizikanın kişilər tərəfindən icad edildiyini və zərif cinsin nümayəndələrinin bu elmdən “başı çıxmadığını” iddia etdiyinə görə işdən qovulub.
AzVision.az “Washington Post”a istinadən xəbər verir ki, İsveçrədə fəaliyyət göstərən nüfuzlu ANTM təşkilatının təşkil etdiyi konfransda çıxışı zamanı italiyalı professor “gender və fizika” mövzusunda apardığı araşdırmanın nəticələrini paylaşıb.

Çoxsaylı qrafika və cədvəllərlə dolu tədqiqatında Strumiya sübut etməyə çalışıb ki, fizika elmi qadınların ağlına görə deyil.

Strumiyanın fikrincə, “fizika elmi kişilər tərəfindən icad edilib və bu elmə yiyələnmək dəvətlə olmur. Lakin buna baxmayaraq, kişilər fizika sahəsindəki elmi kəşflərinə görə yetərincə təqdir olunmurlar”.

Tədqiqatçı daha sonra fizikadan əmək məşğulluğu məsələsinə keçid edib və bildirib ki, İtaliyada qadın tədqiqatçıların elmi təqaüd əldə etməsi kişilərə nisbətdə çox asandır.

Strumia onu da iddia edib ki, dünyaca məşhur Oxford Universitetində imtahan zamanı kişilərlə müqayisədə qadınlar üçün daha çox vaxt təyin edilməsinə icazə verilir. Onun fizikadan qadınlara qarşı diskriminasiyaya keçid etməsi əksəriyyəti xanımlar olan auditoriya tərəfindən xoş qarşılanmayıb.

İtaliyalı professorun söylədiklərinin qəbuledilməz olduğunu deyən Avropa Nüvə Tədqiqatları Mərkəzi konfransdakı çıxışına görə Strumiyanı vəzifəsindən kənarlaşdırıb. Təşkilat bildirib ki, öz elmi missiyasını sülh və inklüziv mühitdə yerinə yetirdiyinə görə professorun dedikləri ANT-nin etik davranış kodeksinə ziddir.

“Guardian”a müsahibə verən Strumiya isə öz mövqeyindən çəkilməyərək, çıxışının “faktlara” söykəndiyini iddia edib. Onun sözlərinə görə, təşkilat onu qadınlara qarşı ayrı-seçkilik edən əcinnə kimi təsvir etməyə çalışır.

Baş verənlərə münasibət bildirən bir sıra xanım tədqiqatçılar isə italiyalı professorun iddialarını əsassız adlandırıblar, çünki elm cinsi ayrı-seçkiliyə baxmır. Onların fikrincə, bu cür yanaşmalar qadınların elmə olan marağının itməsinə, ixtiraçı qadın alimlərin ruhdan düşməsinə səbəb olur.

Xatırlatmaq yerinə düşər ki, bu gün 2018-ci il üçün fizika üzrə Nobel mükafatı qaliblərinin adları bəlli olub. Onlardan biri kanadalı alim, xanım Donna Striklenddir. O, lazer fizikasında yeni ixtiraya - yüksək intensivlikli ultra-qısa optik impulsların çoxalma metodunun kəşfinə görə bu mükafata layiq görülüb.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Fizika   AvropanüvəTədqiqatlarıMərkəzi   İsveçrə   Nobel  





Xəbər lenti