Tramp və ailəsi ilə bağlı sensasion iddia - İstintaq başladıldı

  03 Oktyabr 2018    Oxunub : 5012
Tramp və ailəsi ilə bağlı sensasion iddia - İstintaq başladıldı
ABŞ prezidenti Donald Trampın 1990-cı illərdə şübhəli vergi sistemi qurduğu və ailə üzvlərinin milyonlarla dollar məbləğində vergidən yayınmasına kömək etdiyi üzə çıxıb.
AzVision.az xəbər verir ki, bu barədə Tramp və ailəsi ilə bağlı apardığı xüsusi araşdırma nəticəsində “New York Times” qəzeti iddia irəli sürüb.

Araşdırma zamanı qəzet Trampın atası Fred Trampın keçmiş məsləhətçiləri və işçilərindən müsahibələr alıb, bank hesabları, maliyyə yoxlanışları və çeklər də daxil olmaqla Tramp ailəsinə aid 100 min səhifədən çox sənədləri incələyib.

Araşdırma nəticəsində məlum olub ki, Tramp atasının milyonlarla qanunsuz vergi endirimləri əldə etməsinə kömək edib. Həmçinin, Fred Trampın öz övladlarına 1 milyard dollardan çox miras qoyduğu və bunun vergisinin 550 milyon dollar olduğunu deyən qəzet, Tramp qardaşlarının mirasa görə sadəcə 52,2 milyon dollar vergi ödədiklərini üzə çıxarıb. Və məlum olub ki, ABŞ-ın Daxili Gəlirlər Xidməti Tramp ailəsinin bu cür ciddi qanun pozuntuları və maliyyə maxinasiyalarına göz yumaraq, cüzi reaksiya verib.

“New York Times”ın bu iddiasına Tramp özü birbaşa cavab verməsə də, ABŞ prezidentinin vəkili Çarlz Harder qəzetin bütün ittihamlarını rədd edərək “Tramp ailəsinin vergi işlərinə heç zaman qarışmayıb” deyib. Donald Trampın qardaşı Robert də açıqlama verərək, atası və anasının vəfatından sonra əldə etdiyi mirasa görə bütün vergiləri ödədiyini bildirib.

ABŞ-ın gündəminə bomba kimi düşən xəbərə əsasən, Nyu-York Vergi Dairəsi “New York Times”ın araşdırması nəticəsində ortaya çıxarılan faktlar üzərindən Tramp ailəsinə qarşı istintaq başladıb.

Qeyd edək ki, seçkiqabağı kampaniyada prezidentliyə rəqib namizəd Hillari Klinton Trampı vergidən yayınmaqda günahlandırmışdı. Lakin ittihamlardan yaxa qurtarmaq üçün Tramp vergi bəyannamələrini ictimailəşdirməkdən imtina etmişdi. Hətta bildirmişdi ki, öz şirkətini heç kəsin dəstəyi olmadan təkbaşına qurub və ailəsindən ona çox az miqdarda miras qalıb (lakin Trampın uşaqlığından bəri ailəsindən 413 milyon dollar miras əldə etdiyi bildirilir).

Leyla Elbrusqızı
AzVision.az

Teqlər: ABŞ   vergi   istintaq