Beynəlxalq Məhkəmə ABŞ-a qarşı İranı müdafiə etdi

Beynəlxalq Məhkəmə ABŞ-a qarşı İranı müdafiə etdi
  03 Oktyabr 2018    Oxunub:2982
BMT-nin Beynəlxalq Ədalət Məhkəməsi ABŞ-ın İrana qarşı tətbiq etdiyi bir sıra sanksiyaların ləğvini nəzərdə tutan ilkin qərar çıxarıb. Qərar hakimlərin hamısı tərəfindən yekdilliklə qəbul olunub.
AzVision.az “Reuters”ə istinadən xəbər verir ki, Beynəlxalq Məhkəmənin çıxardığı qərara əsasən, ABŞ-ın üzərinə bir neçə məsuliyyət və öhdəlik qoyulur. Qeyd olunur ki, Vaşinqton Tehranla imzaladığı 1955-ci il müqaviləsinə uyğun olaraq, 2018-ci ilin 8 mayından sonra İrana qarşı tətbiq etdiyi bir sıra sanksiyalarının qüvvəsini dayandırmalıdır.

“ABŞ-ın sanksiyaları humanitar yardım məqsədilə İran ərazisinə dərmanlar, tibbi avadanlıqlar, qida məhsulları və kənd-təsərrüfatı mallarının, o cümlədən, mülki aviasiyanın təhlükəsizliyi üçün tələb olunan xidmət və avadanlıqların ixracına əngəl yaratmamalıdır”, – deyə məhkəmənin qərarında əks olunub.

Vurğulanıb ki, tərəflər bundan sonra aralarındakı gərginliyi artıracaq hərəkətlərdən çəkinməlidirlər. Həmçinin, məhkəmə prosesinin sonunadək İranın zərər görməsinin qarşısının alınması üçün tədbirlərin vacibliyini bildirib. Amma İranın ABŞ-a qarşı iddiası üzrə məhkəmə prosesinin tam yekunlaşması 1-2 il vaxt aparacaq.

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif məhkəmənin bu qərarını qanunun aliliyinin zəfər çalması və ABŞ administrasiyasının növbəti uğursuzluğu kimi qiymətləndirib.

Lakin BMT-nin Beynəlxalq Məhkəməsi dövlətlər arasındakı mübahisələrin həllilə məşğul olmasına baxmayaraq, çıxarılan qərarların məcburi icra mexanizminə sahib deyil. ABŞ və İran bundan əvvəl bir-birilərinə qarşı şikayətlərində Beynəlxalq Məhkəmənin çıxardığı bir sıra qərarlara asanlıqla məhəl qoymayıblar.

Qeyd edək ki, rəsmi Tehran 8 mayda nüvə sazişindən çıxaraq ABŞ-ın İrana qarşı sanksiyaları bərpa etməsini iki ölkə arasında imzalanmış 1955-ci il dostluq haqqında müqavilənin müddəalarını pozduğunu iddia edir və məhkəmə prosesi bitənədək sanksiyaların dayandırlımasını tələb edir. Vaşinqton isə bildirir ki, həmin müqavilənin bəndləri hər iki tərəfdən çoxdan pozulub.

Leyla Elbrusqızı
AzVision.az




Teqlər: İran   BMT   ABŞ   BeynəlxalqMəhkəmə  





Xəbər lenti