Tehrandan İraqdakı seçkilərə müsbət reaksiya

Tehrandan İraqdakı seçkilərə müsbət reaksiya
  03 Oktyabr 2018    Oxunub:2672
Tehran kürdlərin nümayəndəsi Bəhram Salehinin İraqın prezidenti seçilməsini təqdir edir.
AzVision.az xəbər verir ki, İran XİN-in sözçüsü Bəhram Qasemi bu cür bəyanat verib. Salehini prezident seçilməsi münasibətilə təbrik edən iranlı diplomat vurğulayıb ki, rəsmi Tehran Bağdadla bundan sonra da ikitərəfli və beynəlxalq səviyyədə əməkdaşlığın dərinləşəcəyinə və dostluq münasibətlərinin möhkəmlənəcəyinə ümid edir.

Qeyd edək ki, ötən gün İraq parlamenti 165 səslə Kürdüstan Yurdsevərlər Birliyinin (KYB) namizədi Bəhram Salehini ölkənin yeni prezidenti seçib. Səsvermədə parlamentin 329 deputatından 301-i iştirak edib. Bəhram Salehi İraqın şimalındakı Kürd Muxtariyyəti hökumətinin keçmiş rəhbəri, İraq baş nazirinin sabiq müavinidir.

Xatırladaq ki, İraq Konstitusiyasına əsasən, baş nazir şiə, prezident kürd, parlamentin sədri isə sünni təmsilçisi olmalıdır. 2005-ci ildən etibarən kürdlər arasından prezidentliyə namizədi Kürdüstan Yurdsevərlər Birliyi (KYB) partiyası seçir. Lakin bu dəfə kürdlər vahid namizəd irəli sürə bilməyiblər. Belə ki, ötən ilin oktyabrındakı qanunsuz müstəqillik referendumu ilə nüfuzunu itirən, İraqın şimalındakı Kürd Muxtariyyətinin uzun illər rəhbəri olmuş Məsud Bərzaninin liderlik etdiyi Kürdüstan Demokratik Partiyası (KDP) artıq bu məsələdə onların da fikrinin soruşulmasını və İraq prezidentliyinə namizədlərlə bağlı müzakirələrdə iştirakı tələb ediblər. Bu səbəbdən də Bərzani KYB-dən ayrı şəkildə öz namizədlərini - 2017-ci ilin oktyabrınadək Kürd Muxtariyyəti hökumət şurasının sədri olan, özünün "sağ əli" kimi tanınan Fuad Hüseynin İraq prezidentliyinə namizədliyini irəli sürmüşdü. Lakin İraq parlamentindəki səsvermə zamanı Bərzaninin istəyi baş tutmayıb.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Tehran   İran   İraq  



Xəbər lenti