“Arsenal”ın baş məşqçisi: “Mxitaryan Bakıya gələ bilməzdi”

  03 Oktyabr 2018    Oxunub : 7009
“Arsenal”ın baş məşqçisi: “Mxitaryan Bakıya gələ bilməzdi”
Avropa Liqasının qrup mərhələsinin 2-ci turunda sabah “Qarabağ”la qarşılaşacaq “Arsenal” klubunun baş məşqçisi Unai Emeri oyun öncəsi mətbuat konfransı keçirib.

Sabahkı oyunla bağlı fikirlərini açıqlayan ispan mütəxəssis daha sonra jurnalistlərin suallarını cavablandırıb.
- Bizim üçün hər turnir eynidir. Sabah bizi vacib oyun gözləyir. Nəzərə alsaq ki, biz tez-tez uzun səfərlərə çıxırıq, bu cür oyunlara hazırıq.

- Bəzi oyunçular Bakıya gəlməyib. Onlarına arasında Henrik Mxitaryan da var. Təzyiq altında olacağını düşündüyünüz üçün onu bura gətirmədiniz?

- Xeyr, o, bura gələ bilməzdi. Biz bura mental olaraq ən hazır oyunçularla gəlmişik.

- Mxitaryanın gəlməməsi özünün, yoxsa sizin qərarınız idi? Remzinin Bakıya gətrilməməsi müqavilə ilə bağlıdır, yoxsa o da mental olaraq hazır deyildi?

- Mxitaryan 1 və 2-ci günlər xəstə idi. Ona görə gəlməməyinə qərar verdik. Remzinin isə həyat yoldaşı hamilədir. Qızları dünyaya gələcək. Özü Londonda qalmaq üçün xahiş etdi.

- Peter Çexin zədələnməsindən sonra Bernd Lenonun Premyer Liqa oyunlarında qapını qoruyacağını gözləmək olar. Bu mənada sabahkı matçda 3-cü qapıçı Martinezə şans verə bilərsiniz?

- Avroliqa qrupda ilk yeri tutmaq və qələbə qazanmaq istəyirik. Lenonun oyun praktikası qazanması vacibdir. Ona görə da sabah ona şans vermək istəyirik. Oyuna hələ var. Yekun qərarı oyun günü verəcəyik.

- Sabah “Qarabağ”ın Arsenaldan xal və ya xallar alması sizi təəccübləndirəcəkmi?

- “Qarabağ” “Sportinq”ə qarşı yaxşı oynadı. Keyfiyyətli komandadır. Oyununda müsbət məqamlar çox idi. Ötən mövsüm Çempionlar Liqasının qrupunda “Atletiko” hər iki oyunda “Qarabağ”a qalib gələ bilmədi və turnirlə vidalaşdı. Ancaq biz daha çox öz oyunumuza köklənməli və lazımı nəticəni əldə etməliyik.

- Mxitaryanın Bakıya gətirilməməsinin əsas səbəbi Ermənistan və Azərbaycan arasındakı münaqişədir. Sizin bu haqda məlumatınız varmı?

- Lazım olsa, bir daha bayaqkı cavabı səsləndirə bilərəm. Mənim işim futboldur. Siyasi məsələlərə qarışmıram. Hər bir futbolçuya, ölkəyə, mədəniyyətə hörmət edirəm. Amma mən ölkələr arasındakı vəziyyəti bilmirəm. İstənilən halda Mxitaryan sabah oynaya bilməyəcək.

- Avropa Liqasında finala çıxsanız, Mxitaryan həmin oyun üçün də Bakıya gələ bilməyəcək...

- Finala çıxmaq üçün yolumuz uzundur. Addım-addım irəliləyirik. Hazırda əsas işimiz sabahkı oyunda yaxşı nəticə qazanmaqdır. Hər oyunda meydana qələbə üçün çıxırıq.

- Uzun səfərdən sonra həftəsonu Premyer Liqada “Fulhem”ə qarşı oyununuz var. Matçın vaxtının dəyişdirilməsi ilə müraciət etmək fikriniz varmı?

- Mənim fərqli təcrübələrim var. Komandanı 3 gündən bir keçirilən oyunlara həm psixoloji, həm də fiziki baxımdan köklənmək çətin olur. Məndən olsa, oyunun başqa vaxta keçirilməyini istərdim. Ən azı fiziki bərpa üçün. Amma belə məsələlərə çox da qarışmıram. (Qol.az)

AzVision.az

Teqlər: Arsenal