Səudiyyə CAR-la irimiqyaslı hərbi anlaşma imzalayacaq

Səudiyyə CAR-la irimiqyaslı hərbi anlaşma imzalayacaq
  04 Oktyabr 2018    Oxunub:3168
Səudiyyə Ərəbistanı yerli müdafiə sənayesini inkişaf etdirmək və 2030-cu ilədək hərbi xərclərini yarıyadək azaltmaq üçün Cənubi Afrika Respublikasının (CAR) “Denel” aerokosmik və hərbi texnika istehsalı ilə məşğul olan dövlət şirkətinin böyük həcmdə səhmlərini almağa hazırlaşır.
AzVision.az “Reuters”ə istinadən xəbər verir ki, bu barədə Səudiyyənin hərbi sənaye şirkətinin icraçı direktoru Andreas Şver bildirib.

Onun sözlərinə görə, hazırda müəyyən maliyyə problemləri yaşayan “Denel”də Səudiyyənin də bərabər paya sahib olması üçün danışıqlar gedir. Şver onu da bildirib ki, Səudiyyənin marağı “Denel”lə məhdudlaşmır.

“Bizim tərəfdən “Denel”ə bərabər investisiya yatırımını təmin edə biləcək strateji tərəfdaşlığın qurulma imkanlarını müəyyənləşdirmək üçün CAR hökuməti ilə danışıqlar aparırıq. Daha dəqiq desək, biz CAR-ın bütün əsas hərbi şirkətlərilə danışıqlar aparırıq. Və şirkətlərin sırasına təkcə, “Denel” və “Paramount” daxil deyil. Çox güman ki, ilin sonunadək CAR şirkətlərilə ilk tərəfdaşlıq müqavilələri imzalanacaq”, – Şver vurğulayıb.

CAR-ın özəl hərbi şirkəti olan “Paramount Group” isə artıq Ər-Riyadla danışıqlar apardığını təsdiqləyib.

Qeyd edək ki, bu il 76 milyard dollarlıq büdcə ilə Səudiyyə Ərəbistanı dünyada müdafiə xərclərinə ən çox maliyyə ayıran üçüncü dövlətdir. Birinci yerdə 603 milyard dollarla ABŞ, ikinci yerdə isə 150 milyard dollarla Çin qərarlaşıb.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Səudiyyə   CAR  





Xəbər lenti