Sabiq prezidentə 15 il həbs cəzası verildi

Sabiq prezidentə 15 il həbs cəzası verildi
  05 Oktyabr 2018    Oxunub:3205
Cənubi Koreyanın sabiq prezidenti Li Myon Bak korrupsiya, dövlət vəsaitlərinin mənimsənilməsi, vergidən yayınma, vəzifə salahiyyətlərindən sui-istifadə daxil olmaqla ona qarşı irəli sürülən 16 itthamın 7-si üzrə təqsirli bilinərək məhkəmənin qərarı ilə 15 il müddətinə azadlıqdan məhrum edilib.
AzVision.az xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.

Həbs cəzasından savayı, Myon Bak həmçinin 13 milyard von (11,5 milyon ABŞ dolları) məbləğində cərimə də ödəməli olacaq.

Prokurorluğun apardığı istintaq zamanı aydın olub ki, avtomobil ehtiyat hissələrinin istehsalı ilə məşğul olan DAS şirkətinin rəsmi sahibi kimi sənədlərdə Li Myon Bakın qardaşının adı göstərilsə də, şirkətin real sahibi Cənubi Koreyanın keçmiş prezidentinin özüdür. Faktlara əsasən, Myon Bak bu şirkətdən gizli maliyyə hesablarının yaradılması üçün istifadə edib.

Cənubi Koreyanın keçmiş prezidentinin vergilərdən yayındığına görə istintaqdan yaxa qurtarmağa çalışan dünyaca nüfuzlu “Samsung Electronics” şirkətindən küllü miqdarda rüşvət aldığı da məlum olub. Nəticədə prokurorluq ümumilikdə 16 ittiham üzrə Li Myon Baka 20 il həbs cəzası istəyib.

Qeyd edək ki, Li Myon Bak 2008-2013- cü illərdə Cənubi Koreyanın prezidenti olub. Bundan əvvəl isə o, Seulun meri və “Hyundai Engineering and Construction” tikinti şirkətinin baş diretktoru vəzifələrində çalışıb. O, Cənubi Koreyanın cinayət məcəlləsi üzrə mühakimə olunan sayca 4-cü eks-prezidentdir.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: CənubiKoreya   Seul   “SamsungElectronics”  





Xəbər lenti