“İnterpol”un sabiq prezidenti korrupsiyada ittiham edilir

“İnterpol”un sabiq prezidenti korrupsiyada ittiham edilir
  08 Oktyabr 2018    Oxunub:2184
“İnterpol”un sabiq prezidenti Men Hunvey korrupsiyada ittiham edilərək, hazırda dindirilmə altındadır.
AzVision.az xəbər verir ki, bu barədə Çinin İctimai Təhlükəsizlik Nazirliyindən bildiriblər. Qeyd olunur ki, Hunvey bir sıra qanun pozuntularına və vəzifəsindən sui-istifadə etdiyinə görə ona qarşı istintaq aparılır.

Qeyd edək ki, "İnterpol"un rəhbəri Men Hunvey sentyabrın 29-da Çinə gedib. Həmin vaxtdan onunla əlaqə saxlamaq mümkün olmayıb və itkin düşməsi haqda xəbərlər yayılıb. Hunveyin ailəsinin müraciətinə əsasən, Fransa polisi “İnterpol” prezidentinin itkin düşməsi ilə əlaqədar istintaq başladıb. “İnterpol”un Liondakı Baş Katibliyi isə bəyan edib ki, Men Hunvey qurumun prezidenti vəzifəsindən istefa verib.

Xatırladaq ki, Hunvey 2016-cı ilin noyabrında 4 il müddətinə “İnterpol”un prezidenti seçilib. Onun bu posta gəlməsi Pekinin siyasi rəqiblərinə qarşı hücumları artırmaq üçün “İnterpol”dan potensial vasitə kimi istifadə edəcəyi ehtimallarını artırıb. Çünki Çin rəhbəri Si Tsinpin ölkədə 4 illik anti-korrupsiya kampaniyasına start verərək, Çindən xaricə qaçan keçmiş hökumət rəsmiləri və digər şübhəlilərin geri qaytarılmasına çalışır. Artıq 2014-cü ildən bəri Pekinin “İnterpol” xətti ilə axtarışa verdiyi 100 ən şübhəli cinayətkardan 1/3-i Çinə ekstradisiya olunub.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: İnterpol   Fransa   Çin  





Xəbər lenti