Braziliya əhalisi “diktatorluğu” seçdi

Braziliya əhalisi “diktatorluğu” seçdi
  08 Oktyabr 2018    Oxunub:3932
Ötən gün Braziliyada keçirilən prezident seçkilərinin ilk turunda 46.93% səs toplayan ultra-sağçı və konservativ namizəd Jair Bolsonaro qələbə qazanıb. Onun əsas rəqibi – solçu “İşçi Partiyası”nın təmsilçisi Fernando Haddad 28% səslə ikinci, “Demokratik Əmək Partiyası”ndan olan namizəd Siro Qomes isə 12.5% səs toplayaraq üçüncü sırada qərarlaşıb.
AzVision.az “The Guardin”a istinadən xəbər verir ki, ötən gün Braziliyanın 147 milyonluq seçicisi ölkə prezidenti ilə yanaşı, senat və nümayəndələr palatasının üzvlərini də seçmək üçün səs veriblər.

Dünənki seçkilərdə prezidentliyə namizədlərdən heç biri 50 faiz limitini keçə bilmədiklərinə görə, oktyabrın 28-də keçiriləcək ikinci turda birinci mərhələdə ən çox səs toplamış Bolsonaro və Haddad yenidən mübarizəyə qatılacaqlar. Ekspertlərin fikrincə, ikinci turda Bolsonaronun qələbə çalmaq şansı daha çoxdur.

Qeyd edək ki, homofob, irqçi və qadınlara qarşı diskriminativ mövqeyi, həmçinin, Braziliyada tüğyan edən korrupsiya və cinayətkarlığı aradan qaldıracağına dair vədləri Bolsonaronu populyarlaşdırıb. Əvvəllər Braziliya hərbi dəniz qüvvələrinin zabiti olan Bolsonaro həmçinin, ölkədə diktatorluq tərəfdarıdır.

“Bəli, mən diktatorluğun tərəfindəyəm! Çünki bu cür məsuliyyətsiz demokratiya ilə ölkəmizdəki ciddi milli problemləri heç vaxt həll edə bilməyəcəyik” – Bolsonaro parlamentdəki çıxışında deyib.

2015-ci ildə verdiyi müsahibələrin birində isə Bolsonaro Braziliya siyasi təqiblər və repressiyaların hökm sürdüyü 1964-85-ci illərin hərbi rejiminin bərpasının vacibliyini bildirib, işgəncə və edamlara qanuni vasitə kimi haqq qazandırıb.

Ötən ay seçkiqabağı kampaniya zamanı Bolsonaro onun rəqibi olan solçu namizədlərin öldürülməsinə çağırış edib. Üstündən 2 gün keçdikdən sonra isə təşviqat xarakterli mitinqində onun özünə qarşı sui-qəsd cəhdi olub və bıçaqlanıb.

Bolsonaro Donald Trampı özünə siyasi kumir hesab etdiyini və ABŞ prezidentinin çıxışlarından ilhamlandığını bildirib.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Braziliya   ABŞ   Diktator  





Xəbər lenti