Şotlandiya referendumsuz Britaniyadan ayrıla bilər

Şotlandiya referendumsuz Britaniyadan ayrıla bilər
  08 Oktyabr 2018    Oxunub:2853
Şotlandiya müstəqilliyə dair ikinci referendumun keçirilməsinə ehtiyac duymadan Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının tərkibindən çıxa bilər.
AzVision.az xəbər verir ki, bu barədə Şotlandiya Milli Partiyasının üzvü Coanna Çerri Qlazqoda keçirilən partiya qurultayı çərçivəsində “Daily Telegraph”a müsahibəsində deyib. Onun sözlərinə görə, əgər hakim Milli Partiya Britaniyadakı ümumi seçkilərdə yaxşı nəticə əldə etsə, onda referendum keçirmədən də Birləşmiş Kralllıqdan ayrılmaq mümkündür.

Çerrinin fikrincə, Şotlandiyanın Britaniyadan ayrılmasına dair qərar “demokratik üsulla” verilməlidir və bu üsulun referendum formasında olması heç də mütləq deyil. O həmçinin, Britaniya kraliçasının Şotlandiyaya rəhbərlik hüququndan məhrum edilməsi və dövlət quruluşunun dəyişdirilərək, monarxiyadan respublikaya keçilməsinin tərəfdarı olduğunu bildirib.

Qeyd edək ki, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı 4 ayrı inzibati ərazidən – İngiltərə, Şimali İrlandiya, Şotlandiya və Uelsdən ibarətdir. Şotlandiyanın yerli parlamentində çoxluq təşkil edən millətçilər ölkənin Krallıqdan ayrılmasını istəyirlər. Onların təşəbbüsü ilə 2014-cü ildə Şotlandiyada müstəqillik referendumu keçirilib. Lakin əhalinin 55 faizindən çoxu Şotlandiyanın Böyük Britaniyanın tərkibindən çıxmasının əleyhinə səs verib. Bununla belə, Şotlandiya parlamenti Britaniyanın Avropa İttifaqından çıxmasına dair şərtlərin tam aydın olmasından sonra – 2018-ci ilin sonu, yaxud 2019-cu ildə təkrar referendumun keçirilməsini dəstəkləyib.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Şotlandiya   Britaniya  





Xəbər lenti