ABŞ itən jurnalistlə bağlı Səudiyyəyə çağırış edib

ABŞ itən jurnalistlə bağlı Səudiyyəyə çağırış edib
  09 Oktyabr 2018    Oxunub:2723
ABŞ Dövlət Departamenti itən jurnalist Camal Kaşoqinin tapılması üçün Ər-Riyadı Türkiyə hüquq-mühafizə orqanları tərəfindən aparılan istintaqa kömək etməyə çağırıb.
AzVision.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Hizer Nauert "Tvitter" səhifəsində yazıb.

“Biz Səudiyyə Ərəbistanı hökumətini Kaşoqinin yoxa çıxması üzrə istintaqın ciddi aparılmasına dəstək verməyə və onun nəticələrinin şəffaflığını təmin etməyə çağırırıq”, – deyə Nauert bəyan edib.

Xatırladaq ki, 2 oktyabrda “The Washington Post” qəzetinin səudiyyəli jurnalisti, ailə qurmağa hazırlaşan Camal Kaşoqi sənəd əldə etmək üçün Səudiyyənin İstanbuldakı baş konsulluğuna gedib. Onunla birgə gedən nişanlısını konsulluğun binasına buraxmayıblar və 5 saatdan sonra deyiblər ki, Camal artıq konsulluqdan gedib. Lakin nişanlısı buna inanmadığını və konsulluğa daxil olduğu andan Camalın yoxa çıxdığını deyib. Onun sözlərinə görə, səudiyyəli jurnalist hələ də konsulluqda, yaxud Səudiyyənin Ankaradakı səfirliyində saxlanılır.

Məsələ ilə əlaqədar Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğunda axtarış aparılması üçün Türkiyə Ər-Riyada rəsmi müraciət göndərib.

Türkiyədəki Ərəb KİV-ləri Assossiasiyasının sədri Turan Qışlaqcı bəyan edib ki, Səudiyyə Ərəbistanı digər ölkələrdəki səfirliklərindən Ər-Riyadın siyasətindən narazı olan müxalifət qüvvələrinin oğurluğu məqsədilə istifadə edir. Onun sözlərinə görə, bu kimi hallar artıq İsveçrə, Böyük Britaniya və Fransada baş verib.

“Reuters” isə Türkiyə polisindəki mənbələrinə istinadən yazıb ki, jurnalist Səudiyyə Konsulluğunda öldürülüb və daha sonra cəsədi oradan kənara çıxarılıb. Hətta qətlin əvvəlcədən planlaşdırıldığı iddia edilir. Lakin Səudiyyə Ərəbistanının İstanbuldakı baş Konsulluğu cinayətlə bağlı ittihamları rədd edib.

Camal Kaşoqi Ər-Riyadın hazırkı siyasətinin ən böyük tənqidçilərindəndir. 2017-ci ildə o, Səudiyyəni tərk edərək ABŞ-da məskunlaşıb. “The Washington Post” qəzetində çalışan Camal Səudiyyədəki problemləri və Ər-Riyadın daxili-xarici siyasətini tənqid edən məqalələr yazır.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Səudiyyə   Türkiyə   ABŞ  





Xəbər lenti