Avropaya sığınan ermənilər – Statistika Paşinyana qarşı

  09 Oktyabr 2018    Oxunub : 2263
Avropaya sığınan ermənilər – Statistika Paşinyana qarşı
2018-ci ilin yanvarından etibarən Ermənistanın 2490 vətəndaşı Avropa ölkələrindən sığınacaq istəyib.
AzVision.az xəbər verir ki, bu barədə Ermənistanın Ərazi İdarəsi və İnkişaf Nazirliyinin Dövlət Miqrasiya Xidməti rəisi Armen Kazaryan jurnalistlərə açıqlamasında deyib.

Bildirib ki, Ermənistan vətəndaşlarının sığınacaq almaq üçün ən çox müraciət etdikləri ölkələr sırasına Avropa İttifaqına daxil olmayan İslandiya, Lixtenşteyn, Norveç və İsveçrə də var.

Kazaryanın sözlərinə görə, cari ilki sığınacaq müraciətləri ötən ilin 3270 nəfərlik statistikası ilə müqayisədə nisbətən azalıb və bu da əsasən, Ermənistanda baş verən siyasi dəyişikliklərlə əlaqəlidir. Lakin bununla belə, ölkənin miqrasiya saldosu mənfi olaraq qalır və Ermənistanı tərk edənlərin ümumi sayında ciddi azalma baş verməyib.

Kazaryan onu da vurğulayıb ki, Ermənistanda daimi yaşayan əhalinin sayı hələ də 3 milyon həddindən aşağıdır. Amma gələcək sosial-iqtisadi inkişaf ölkədə demoqrafik göstəricinin kritik psixoloji həddə düşməyəcəyinə zəmanət verəcək.



Erməni KİV-ri yazır ki, Dövlət Miqrasiya Xidmətinin rəisi Ermənistanın üzləşdiyi demoqrafik risklərə olduqca optimist yanaşıb. Lakin Kazaryanın göstərdiyi statistikadan aydın olur ki, vəziyyət dəyişəsi deyil və o, sadəcə baş nazir Nikol Paşinyanın piarını aparmaq istəyib:

“Xarici ölkələrdən sığınacaq istənməsinin ötən illə müqayisədə nisbətən azalmasını Ermənistanda baş verən siyasi dəyişikliklərlə əlaqələndirmək ən azı riyarkarlıqdır. Çünki əgər belədirsə, onda gərək böyük iqtisadi sıçrayış vəd edən Paşinyanın hakimiyyəti dövründə heç kəs sığınacaq üçün başqa ölkəyə müraciət etməzdi. Statistika isə bunun əksini deyir. Belədə sübut olunur ki, hakimiyyətini möhkəmləndirmək üçün başı siyasi rəqiblərilə mübarizə qarışan Paşinyanın ölkənin iqtisadi durumuna əncam çəkmək niyyətinin olmadığını dərk edənlər heç də az deyil. 2490 nəfər Ermənistan kimi kiçik bir ölkə üçün olduqca böyük rəqəmdir.”

Bu mənada, erməni KİV-ləri vaxtilə Paşinyanın “bizim başlıca məqsədimiz emiqrasiyanı dayandırmaq və ölkəni tərk edənlərin vətənə geri dönməsini stimullaşdırmaqdır” pafoslu bəyanatını xatırladaraq bildirirlər ki, buna nail olmaq üçün ilk növbədə Ermənistanda siyasi sabitlik bərqərar olmalıdır. Paşinyanın hakimiyyət davası isə bunu mümkünsüz edərək, ölkəni daha ciddi qeyri-müəyyənliyə doğru aparır.

Leyla Elbrusqızı
AzVision.az

Teqlər: Ermənistan   Avropa   Miqrasiya