Deputatlığa namizədə sui-qəsd: 10 nəfər ölüb

  09 Oktyabr 2018    Oxunub : 2019
Deputatlığa namizədə sui-qəsd: 10 nəfər ölüb
Əfqanıstanda 20 oktyabrda keçiriləcək parlament seçkilərində deputatlığa namizəd Saleh Məhəmməd Asikzayın seçki qərargahında törədilən partlayış nəticəsində 10 nəfər ölüb, namizədin özü də daxil olmaqla daha 10 nəfər isə yaralanıb. Yaralılar xəstəxanaya yerləşdirilib.
AzVision.az xəbər verir ki, bu barədə Əfqanıstanın “Pajvak” agentliyi məlumat yayıb.

Partlayışın Hilmənd əyalətinin Laşkargah şəhərində baş verdiyi bildirilir. Qeyd olunur ki, terrorçu-kamikadze seçki qərargahının ofisinə daxil olaraq özünü partladıb.

Hazırda Əfqanıstanın təhlükəsizlik qüvvələri insidentin baş verdiyi əraziyə giriş-çıxışı bağlayıb, istintaq aparır. Ölənlərin kimliyi müəyyənləşdirilir.

Partlayışa görə hələlik heç bir qruplaşma məsuliyyəti üzərinə götürməyib. Lakin Hilmənd əyaləti “Taliban” silahlı hərəkatının nəzarətində olduğundan, sui-qəsd hücumunun da bu qruplaşma tərəfindən edildiyi istisna olunmur. Partlayışın ötən gün “Taliban”ın oktyabrın sonunda keçiriləcək parlament seçkilərinin saxta olduğunu və pis niyyətli Amerikanın təxribatlarına xidmət etdiyini deməsi, səsverməyə istənilən vasitə ilə əngəl yaradacaqlarını deməsinin ardıdan baş verməsi də şübhələri bu qruplaşmanın üzərinə cəmləşdirir.

Qeyd edək ki, Əfqanıstanda növbəti parlament seçkiləri 2016-cı ildə keçirilməli idi. Lakin ölkədəki qeyri-sabit vəziyyətlə əlaqədar seçkilər iki il müddətinə təxirə salınaraq, 2018-ci ilin 20 oktyabrına təyin olunub. Sonuncu dəfə Əfqanıstanda parlament seçkiləri 2010-cu ildə keçirilib.

Leyla Elbrusqızı
AzVision.az

Teqlər: Əfqanıstan