Ceyhun Bayramov Finlandiyaya gedib

Ceyhun Bayramov Finlandiyaya gedib
  10 Oktyabr 2018    Oxunub:9352
Təhsil naziri Ceyhun Bayramovun başçılıq etdiyi nümayəndə heyəti Finlandiya Respublikasında səfərdə olub. Səfər çərçivəsində Finlandiya Respublikasının Təhsil və Mədəniyyət Nazirliyi, Dövlət Təhsil Agentliyi, Omnia Peşə Təhsil Mərkəzi və Helsinki Universitetində görüşlər keçirilib.
Təhsil Nazirliyindən AzVision.az-a bildiriblər ki, Finlandiyanın təhsil və mədəniyyət naziri xanım Sanni Grahn-Laasonen ilə görüşdə Ceyhun Bayramov Azərbaycanda təhsil sahəsində son illərdə aparılan islahatlar haqqında məlumat verib, iki ölkə arasında mümkün əməkdaşlıq istiqamətləri müzakirə olunub.

Sanni Grahn-Laasonen Finlandiya təhsilində görülən işlərdən danışıb, yeni qüvvəyə minmiş peşə təhsili haqqında qanunu və bu sahədə həyata keçirilən yenilik və islahatları vurğulayıb. Görüşdə, həmçinin müəllim hazırlığı, məktəblərin idarəedilməsi və məktəb rəhbərlərinin peşəkar inkişafı üzrə mümkün əməkdaşlıq istiqamətləri ilə bağlı fikir mübadiləsi aparılıb.

Omnia Peşə Təhsil Mərkəzində keçirilmiş görüşdə Azərbaycan nümayəndə heyətinə mərkəzin fəaliyyəti ilə bağlı məlumat verilib, peşə təhsil proqramları və yaşlıların təhsili ilə bağlı təqdimat keçirilib. Qeyd edilib ki, 38 mindən çox təhsilalanı əhatə edən Omnia Peşə Təhsil Mərkəzi Finlandiyanın qabaqcıl və innovasiyalar tətbiq edən təhsil müəssisələrindən biridir.

Görüş zamanı peşə təhsili ixtisaslarının təsnifatı, təhsil proqramları, məzunların fərdi inkişaf proqramları və peşə təhsilinin maliyyələşmə mexanizmləri müzakirə edilib. Peşə ixtisas proqramlarının Azərbaycan təhsil sisteminə uyğunlaşdırılması və gələcəkdə tətbiqi əsas əməkdaşlıq istiqaməti kimi müəyyənləşdirilib. Dövlət Təhsil Agentliyində (DTA) keçirilmiş görüşdə əsasən ümumi təhsilin idarəedilməsi və məzmunu, bu istiqamətdə dövlət qurumlarının fəaliyyətinin əlaqələndirilməsi və məktəblərin muxtariyyəti məsələləri ilə bağlı Finlandiya təcrübəsi müzakirə olunub.

DTA əməkdaşlarına məktəbəqədər təhsil sahəsində həyata keçirilmiş islahatlarla bağlı məlumat verilib, məktəbəhazırlıq üzrə əhatəlilik səviyyəsinin qısa müddətdə artması diqqətə çatdırılıb. Helsinki Universitetində keçirilmiş görüşdə isə əsas müzakirə mövzusu müəllim hazırlığı olub. Təhsil və müəllim hazırlığı sahəsində dünyanın ən qabaqcıl ali təhsil müəssisələrindən biri olan Helsinki Universitetinin təcrübəsinin öyrənilməsi tədris proqramları, müəllim hazırlığına konseptual yanaşma, tədqiqatların aparılması baxımından faydalı olub.

AzVision.az


Teqlər: Təhsil-naziri  





Xəbər lenti