Arvadını Qarabağa göndərən Paşinyan Moskva ilə Bakının arasını vurmağa çalışır – Rusiyalı politoloq

  10 Oktyabr 2018    Oxunub : 2605
Arvadını Qarabağa göndərən Paşinyan Moskva ilə Bakının arasını vurmağa çalışır – Rusiyalı politoloq
Bu günlərdə Ermənistanın baş naziri Nikol Paşinyanın arvadı Anna Hakopyan “Qadınlar Sülh naminə” təşəbbüsü çərçivəsində Rusiyadan bir qrup qadının Azərbaycanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə səfərini təşkil edərək “sülhpərvər” imic yaratmağa çalışıb. Rusiyalı qadınları təmas xəttinə aparan Hakopyan onları hətta Qarabağ separatçılarının lideri Bako Saakyanla da görüşdürüb. O, özünün necə bir “sülh çarçısı” olduğunu nümayiş etdirmək üçün isə Rusiyadan gətirdiyi qonaqlara simvolik olaraq əzilmiş güllələrdən hazırlanmış bəzək əşyaları hədiyyə edib.
Hakopyanın səhnələşdirdiyi bu tragikomik tamaşaya baxmaq üçün gələn rusiyalı qadınların sırası isə olduqca təəccüblü və "rəngarəng" olub.

AzVision.az xəbər verir ki, onların içərisində Rusiya Dövlət Dumasının beynəlxalq məsələr komitəsi sədrinin birinci müavini Svetlana Jurova, yazıçı Lyudmila Uliçkaya, Rusiya Federasiyasının III sinif dövlət müşaviri, “Qadın dialoqu” partiyasının lideri Yelena Semerikova, həmçinin, bir neçə jurnalist, xeyriyyə fondu rəhbərləri və ictimai xadimlər olub.



ATƏT-in Minsk qrupunun həmsədri kimi Moskvanın vasitəçi mövqeyinə, həmçinin, münaqişənin həllinə dair Kremlin rəsmi mövqeyinə zidd olaraq rusiyalı bir qrup qadının Qarabağa qanunsuz səfər etməsi rusların özü tərəfdən də birmənalı qarşılanmayıb.

Moskva-Bakı” portalına müsahibə verən rusiyalı politoloq, "Valday klubu"nun eksperti, Rusiya Elmlər Akademiyasının Beynəlxalq Təhlükəsizlik Problemləri İnstitutunun aparıcı elmi işçisi, Lomonosov adına Moskva Dövlət Universitetinin dünya siyasəti və beynəlxalq təhlükəsizlik kafedrasının dosenti Aleksey Fenenkonun fikrincə, bu, Paşinyan tərəfindən incəliklə planlaşdırılan təxribatdır.



“Qarabağa səfər edən rusiyalı qadınlardan birinin yazıçı Uliçkaya olması faktının özü, artıq onların bu təşəbbüsünün Rusiya hakimiyyətinin rəsmi xətti ilə uyğunsuzluğunu göstərir. Çünki Uliçkaya daha çox Rusiya müxalifətinin nümayəndəsi kimi tanınır. Və Paşinyan da bu aksiya vasitəsilə hər şeydən əvvəl, Rusiya ilə Azərbaycan arasında nifaq salmaq, həmçinin, Dağlıq Qarabağ üzrə nizamlanma prosesinin pozulmasında guya Rusiyanın da əlinin olduğunu nümayiş etdirmək qərarına gəlib. Dumanın deputatı Jurovanın da rusiyalı qadınlar qrupunun tərkibində olması ona görə lazımdır ki, kənardan baxanda Rusiya da bu məsələdə günahkarmış kimi görünsün. Bax, təxribat da budur. Lakin bütün bunlar, təbii ki, Rusiyanın xarici siyasət kursu ilə uzlaşmır. Artıq Azərbaycan Xarici İşlər Nazirliyi Rusiya XİN-ə müraciət edərək, məsələyə aydınlıq gətirilməsini tələb edib. Elə Paşinyan da bunu istəyirdi. Çünki o, istəmir ki, Ermənistan Qərbə tərəf üz tutduqca Rusiya Azərbaycanla tərəfdaş olsun”.

Fenenko hesab edir ki, Paşinyan rusiyalıların Dağlıq Qarabağ münaqişəsinin əsl mahiyyəti və aspektləri barədə az məlumatlı olmasından da "məharətlə" istifadə edib. Çünki Rusiya məktəblərində Qarabağ münaqişəsi öyrədilmir, rus KİV-də isə Cənubi Osetiya və regiondakı digər münaqişələrdən fərqli olaraq, Dağlıq Qarabağ problemi az işıqlandırılır:

“Odur ki, Qarabağa səfər edən rusiyalı qadınların hamısının həlli uzanan bu münaqişənin mahiyyətindən başı çıxdığına təəccüblənərdim. Bununla da, Paşinyan belə bir “sülh” aksiyasından Rusiya-Azərbaycan münasibətlərində təxribat kimi istifadə edir. Amma çətin ki, buna nail olsun. Çünki son aylar Rusiya-Azərbaycan əməkdaşlığının güclənməsi fonunda, bu cür “aksiyalar”ın Moskva ilə Bakının münasibətlərinə ciddi təsiri olmayacaq.”

Leyla Elbrusqızı
AzVision.az

Teqlər: Azərbaycan   Ermənistan   DağlıqQarabağ   Rusiya