Seul KXDR-a qarşı sanksiyaları ləğv etməyəcək

Seul KXDR-a qarşı sanksiyaları ləğv etməyəcək
  11 Oktyabr 2018    Oxunub:2519
Cənubi Koreya hökuməti Şimali Koreyaya qarşı birtərəfli qaydada tətbiq etdiyi sanksiyaların ləğvinin mümkünlüyünü nəzərdən keçirmir.
AzVision.az xəbər verir ki, bunu Cənubi Koreyanın birləşmə naziri Ço Myon Qyon bu gün ölkə parlamentindəki çıxışı zamanı deyib. O, ötən gün Cənubi Koreyanın xarici işlər naziri Kan Qyon Hvanın Pxenyana qarşı sanksiyaların aradan qaldırılmasının mümkünlüyünə dair açıqlamasını şərh edərək, belə bir ehtimalı istisna edib.

“Hökumətdə sanksiyaların ləğvinə dair heç bir müzakirə aparılmayıb. Bununla belə, Cənubi Koreya Pxenyanla ikitərəfli münasibətlərin yaxşılaşması fonunda Koreyalararası mübadilə və Şimali Koreya ilə digər əməkdaşlıq məsələlərilə bağlı çevik yanaşma sərgiləyib”, – deyə Myon Qyon vurğulayıb.

Qeyd edək ki, Seul birtərəfli qaydada 2010-cu ildə Şimali Koreyaya qarşı sanksiyalar tətbiq etməyə başlayıb. Nəticədə Pxenyanla bütün əlaqələr dondurulub, ticarət və investisiyalarla yanaşı, humanitar mübadiləyə də qadağa qoyulub. Buna səbəb isə Cənubi Koreya hərbi dəniz qüvvələrinə məxsus “Çhonan” hərbi gəmisinin batması olub. O zaman Seul və Vaşinqton gəmini Pxenyanın batırdığını iddia etmişdilər.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Koreya   ABŞ   sanksiya  





Xəbər lenti