Ramil Usubov Gəncədə vətəndaşları qəbul edib

Ramil Usubov Gəncədə vətəndaşları qəbul edib
  27 Oktyabr 2013    Oxunub:1571
AzVision.az xəbər verir ki,Azərbaycanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov oktyabrın 26-da Gəncə şəhərində növbəti qəbul keçirib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Şəhər Baş Polis İdarəsində Gəncə, Göygöl, Samux, Şəmkir, Ağstafa, Tovuz, Gədəbəy, Qazax, Daşkəsən şəhər və rayonlarından olan sakinləri, eyni zamanda, bölgədə məskunlaşmış Kəlbəcər və Xocalıdan olan bir qrup məcburi köçkünü qəbul edən nazir onların müraciətlərini dinləyib, qaldırılan məsələlərin operativ şəkildə həll edilməsi üçün konkret tapşırıqlar verib.

Müraciətlərin böyük əksəriyyəti elə yerindəcə öz həllini tapıb. Polis fəaliyyətinə aid olmayan ərizələrin aidiyyəti üzrə digər dövlət orqanlarına göndəriləcəyi və onlara mövcud qanunvericiliyə uyğun şəkildə baxılacağı nəzərə çatdırılıb.

Daha sonra R.Usubov Gəncə BŞPİ Kəpəz Rayon Polis İdarəsinin yeni inzibati binasının açılış mərasimində iştirak edib. Məlumat verilib ki, tikintisinə ötən ilin aprelində başlanmış 5 mərtəbəli inzibati binanın ümumi sahəsi 3300 kvadratmetrdir. Ən müasir standartlara uyğun tikilmiş binanın bütün otaqları zəruri avadanlıq, inventar və kommunikasiyalarla təchiz edilib. Yeni tikilidə 52 xidməti otaq, 120 yerlik akt zalı var. Binada mərkəzləşdirilmiş ventilyasiya-istilik sistemləri, ayrıca qazanxana və transformator istifadəyə verilib, rabitə-kommunikasiya və elektrik xətləri quraşdırılıb, abadlaşdırma, yaşıllaşdırma və xarici işıqlandırma işləri yerinə yetirilib. İnzibati binada Qeydiyyat və şəxsiyyət vəsiqəsi, Dövlət yol polisi bölmələri, Növbətçi hissə və digər xidməti otaqlar yaradılıb.


Teqlər:





Xəbər lenti