Erməni general Azərbaycanı rus qoşunu ilə hədələdi

Erməni general Azərbaycanı rus qoşunu ilə hədələdi
  12 Oktyabr 2018    Oxunub:4607
"Rusiya-Ermənistan birləşmiş qoşun qruplaşması qarşıya qoyulan bütün tapşırıqları yerinə yetirməyə hazırdır. Əgər lazım olarsa, bu qoşunlar Qarabağda da tapşırıq icra edəcək"

AzVision.az xəbər verir ki, bu barədə Rusiya-Ermənistan birləşmiş qoşun qruplaşmasının komandiri, general-mayor Tiqran Parvanyan jurnalistlərə açıqlamasında deyib.
Erməni general “birləşmiş qoşun qruplaşması Qarabağ istiqamətində təcavüzü dəf etməyə hazırdırmı?” sualına cavab olaraq bildirib:“Biz hadisələrin necə inkişaf edəcəyini bilmirik. Əlbəttə, potensial düşmənin kim olduğunu və onun malik olduğu silahlara bələdik. Bununla belə, hadisələrin inkişafını əvvəlcədən bilmək olmaz. Yalnız onu deyə bilərəm ki, əgər buna ehtiyac yaranarsa, Rusiya-Ermənistan birləşmiş qoşun qruplaşması bu tapşırığı da yerinə yetirməyə hazırdır”.

Qeyd edək ki, 2016-ci ilin noyabrında Rusiya və Ermənistan müdafiə nazirləri birləşmiş qoşun qruplaşmasının yaradılması barədə müqavilə imzalayıblar. Daha sonra həmin razılaşma hər iki ölkənin parlamenti tərəfindən təsdiqlənib. Birgə qoşun qruplaşmasına Rusiyanın Gümrüdəki 102 saylı hərbi bazası və Ermənistan silahlı qüvvələrinin birləşmələri daxildir.

Birgə qoşun qruplaşmasının yaradılmasında əsas məqsəd Qafqaz kollektiv təhlükəsizlik bölgəsində hərbi təhlükəsizliyin təmin edilməsidir. Bu baxımdan, Moskva ilə İrəvan arasında imzalanan müqavilədə qeyd olunur ki, qruplaşmanın əsas vəzifələri Rusiya və Ermənistana qarşı birbaşa hücum hazırlığını müəyyənləşdirmək və dəf etmək, hər iki ölkənin dövlət sərhədini qorumaq və bölgədə onlara məxsus strateji obyektlərin havadan müdafiəsində iştirak etməkdir.

Müqavilənin müddəalarından da göründüyü kimi, Rusiya-Ermənistan birləşmiş qoşun qruplaşmasının Qarabağda hansısa əməliyyat aparmaq səlahiyyəti yoxdur və ola da bilməz. İdarəsi Moskvanın əlində olan bu qruplaşma yalnız Ermənistan sərhədlərinin təhlükəsizliyinə cavabdeh ola bilər. Qarabağ isə Azərbaycanın tarixi torpaqları və ərazisinin ayrılmaz tərkib hissəsidir. Beynəlxalq hüquq da həmin qruplaşmanın Qarabağda hansısa “əməliyyatını” istisna edir. O cümlədən, Rusiya rəsmilərinin bəyanatında da dəfələrlə bildirilib ki, Rusiya-Ermənistan birləşmiş qoşun qruplaşması Azərbaycana heç bir təhdid yaratmır və yaratmayacaq.

Görünür, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı rıçaqının köhnəlməsi və bu təşkilatın Ermənistan-Azərbaycan münaqişəsinə heç bir müdaxilə hüququ, yaxud səlahiyyətinin olmadığı barədə KTMT və Rusiya rəhbərliyinin çıxışları İrəvanı indi də Rusiya-Ermənistan birləşmiş qoşun qruplaşması ilə Azərbaycanı “təhdid” etməyə həvəsləndirir. Bu isə, güclü Azərbaycan ordusu qarşısında özbaşınalığın hökm sürdüyü Ermənistan ordusunun miskin durumundan diqqəti yayındırmaq üçün erməni cəmiyyətinə ünvanlanan növbəti köpüklü çıxışdan başqa bir şey deyil.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Ermənistan   Rusiya   DağlıqQarabağ  





Xəbər lenti