Sankt-Peterburqun Azərbaycan İcması Biryulevo hadisələrindən danışdı

Sankt-Peterburqun Azərbaycan İcması Biryulevo hadisələrindən danışdı
  27 Oktyabr 2013    Oxunub:1300
"Məişət zəminində baş verən bu cür hadisələrdən miqrantların qovulması üçün istifadə edilməsi yolverilməzdir".
Sankt-Peterburqun Azərbaycan İcması bəyanatla çıxış edib. Sənəddə bu il oktyabrın 10-da Biryulevoda baş vermiş hadisə ilə əlaqədar təəssüf bildirilir və Yeqor Şerbakovun valideynlərinə, doğmalarına və yaxınlarına bu ağır itki ilə əlaqədar səmimi başsağlığı verilir.

AzVision.az AzərTAc - a istinadən xəbər verir ki, bu barədə Sankt-Peterburq Azərbaycan icmasının Ağsaqqallar Şurasından məlumat verilib.

Bəyanatda bildirilir ki, Azərbaycan İcması “adi bir məişət cinayətinin millətlərarası, hətta beynəlxalq münaqişə kimi qələmə verilməsindən” ciddi narahat olduğunu bildirir: “Məişət zəminində baş verən bu cür hadisələrin etnoslararası münasibətlər mövqeyindən qiymətləndirilməsi, onlardan Rusiya ərazisindəki bütün əməkçi miqrantların qovulmasına çağırışlar üçün istifadə edilməsi yolverilməzdir”.

Sənəddə, 200 il bundan əvvəl Azərbaycanın Rusiya imperiyasının tərkibinə daxil olmasına nəzər yetirilir: "Bu illər ərzində rus və Azərbaycan xalqlarının ən yaxşı oğulları dini, siyasi, millətlərarası və dövlətlərarası əlaqələrin yaradılması və möhkəmlənməsi naminə öz qüvvəsini, biliklərini, bəzən isə həyatını belə əsirgəməyib. Təkcə Birinci Dünya müharibəsi cəbhələrində rus ordusu sıralarında milliyyətcə Azərbaycandan olan 3 minə yaxın sıravi əsgər, 200-ə yaxın zabit və ali rütbəli sərkərdə, o cümlədən 10-dan çox general vuruşub. Onların arasında Port-Artur qəhrəmanları S.Mehmandarov və Ə.Şıxlinski də olub. Mixaylovski Artilleriya Məktəbinin məzunu general Ə.Şıxlinski 1914-cü ildə Sankt-Peterburqun artilleriya müdafiəsinin rəisi, 1916-cı ildə isə Qərb cəbhəsinin artilleriya rəisi, 10-cu ordunun komandanı təyin edilmişdi. General-mayor Hüseyn xan Naxçıvanski isə II Nikolayın general-adyutantı olub.

Böyük Vətən müharibəsi cəbhələrində 240 mindən çox azərbaycanlı həlak olub. Təxminən 500 nəfər Nevski burnunu və Sinyavinsk yüksəkliklərini müdafiə edərkən həlak olub. Blokadada olan Leninqraddan on minlərlə rus, o cümlədən 7 mindən çox uşaq Azərbaycanda sığınacaq tapıb.

Son vaxtlar cəmiyyətdə və KİV-lərdə ksenofobiya və şovinizmin, zahiri görkəmindən slavyanlara oxşamayan vətəndaşlarla qəddar rəftarın təşviq edilməsi meyilləri getdikcə aşkar nəzərə çarpır. Sankt-Peterburqda skinhedlərin və müxtəlif təmayüllü faşistlərin bir sıra birlikləri fəaliyyət göstərir, irqçi məzmunlu ədəbiyyat nəşr edilir və yayılır. Məişət səviyyəsində irqçilik geniş yayılıb, əhalinin üçdə bir hissəsindən çoxu bunu açıq nümayiş etdirir. Yerli səviyyədə irqçilik təzahürləri siyasi baxımdan əsasən RLDP-yə meyil edən hakimiyyət və isteblişment nümayəndələrində müşahidə olunur. Bu halda hüquq mühafizə orqanlarının azğınlaşmış millətçilərə üzgörənlik münasibəti, onların barəsində demək olar ki, heç bir ciddi sanksiya tətbiq olunmaması diqqəti cəlb edir.

Azərbaycan icması daxili fikir ayrılıqlarını, ambisiyaları və şəxsi maraqları bir kənara qoyaraq sülh və firavanlıq naminə Rusiya cəmiyyətinin sağlam siyasi və ictimai qurumları ilə birləşməyə çağırır. Eyni zamanda bəyanatda Sankt-Peterburqun və Leninqrad vilayətinin rəsmi şəxslərinə minnətdarlıq ifadə edilir ki, onlar bu insident barəsində heç bir qeyri-korrekt fikir söyləməmişlər və Rusiya hakimiyyət orqanlarının Rusiyada yaşayan azərbaycanlılara münasibətdə mövqeləri qüsursuz olub".

Bəyanatda vurğulanır: “Biz öz təşkilatlarımızın fəaliyyətini elə təmin etmək niyyətindəyik ki, həmvətənlərimizin bütün təşəbbüsləri, hərəkətləri və əməlləri son nəticədə bizim üçün doğmalaşmış şəhərin iqtisadi və mənəvi cəhətdən firavanlaşmasına kömək etsin. Bu gün Sankt-Peterburqda yaşayan yüz mindən çox azərbaycanlı Rusiya vətəndaşıdır, yüz mindən çox rus Azərbaycan vətəndaşıdır. Biz əminik ki, xalqlarımız, ölkələrimiz bu kriminal hadisənin bəzi adamlar tərəfindən ölkələrimiz və xalqlarımız arasında münasibətlərin müzakirə edilməsinə bəhanə olmaması üçün əllərindən gələni edəcəklər”.


Teqlər:





Xəbər lenti