Türkiyə məhkəməsi amerikalı keşiş Bransonu azad etdi

Türkiyə məhkəməsi amerikalı keşiş Bransonu azad etdi
  12 Oktyabr 2018    Oxunub:5231
Türkiyə ilə ABŞ arasında gərginliyə səbəb olan keşiş Endryu Bransonun işi üzrə İzmir Ağır Cinayətlər Məhkəməsi bu gün qərar çıxarıb.

AzVision.az “Milliyet”ə istinadən xəbər verir ki, məhkəmə amerikalı keşişin ev dustaqlığından azad olunması və ona qarşı məhkəmə-nəzarət şərtlərinin, həmçinin, ölkəni tərk etməsinə dair qadağanın aradan qaldırılması barədə qərar çıxarıb.
Bununla yanaşı, məhkmə Bransonun 3 il 1 ay 15 gün müddətinə azadlıqdan məhrum edilməsinə dair hökm verib. Həbs cəzası bitdikdən sonra Branson tamamilə sərbəst buraxılacaq və ABŞ-a geri dönə biləcək.

Türkiyə prokurorluğu isə Bransona 10 il həbs cəzasının verilməsini tələb edib. Lakin məhk'mə prokurorluğun tələbini rədd edərək, daha az müddətlik azadlıqdan məhrumetmə qərarı çıxarıb. Son söz olaraq isə Branson "Mən günahsızam. Türkiyəni sevirəm və bəraət almaq istəyirəm" deyib.

İddia olunur ki, barəsində xaricə çıxışla bağlı qadağanın ləğvi sayəsində Branson həbsə atılmamış Türkiyəni tərk edə bilər. Bu mənada, Bransonun vəkili məhkəmə zalından çıxdıqdan sonra amerikalı keşişin dərhal Türkiyəni tərk etməsi üçün şans yarandığını bildirib.

Qeyd edək ki, bundan əvvəl NBC telekanalı ABŞ administrasiyasının yüksək vəzifəli şəxslərinə istinadən bildirmişdi ki, Vaşinqton və Ankara Türkiyədə ev həbsində olan amerikalı keşiş Endryu Bransonun sərbəst buraxılması barədə gizli razılığa gəliblər. Razılığa əsasən, 12 oktyabrdakı məhkəmə prosesindən sonra Bransonun ABŞ-a qayıtması təmin ediləcək. Əvəzində ABŞ Türkiyəyə iqtisadi təzyiqlərini azaldacağına söz verib.

Xatırladaq ki, amerikalı keşiş Endryu Branson Türkiyədə terroru dəstəkləməkdə, həmçinin FETÖ və PKK terror təşkilatları ilə əməkdaşlıqda ittiham olunub.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Türkiyə   ABŞ  





Xəbər lenti