“Bu, olduqca ciddi məsələdir” – Fransa prezidenti

  12 Oktyabr 2018    Oxunub : 2647
“Bu, olduqca ciddi məsələdir” – Fransa prezidenti
Fransa prezidenti Emmanuel Makron səudiyyəli jurnalist Camal Kaşoqinin yoxa çıxması ilə əlaqədər böyük narahatlıq keçirdiyini bildirib.
AzVision.az xəbər verir ki, bu barədə Makron “France 24” telekanalına müsahibəsində deyib.

“Mən bu məsələ ilə bağlı həqiqətin üzə çıxmasını və tam aydınlığa nail olunmasını gözləyirəm. Qeyd olunan məsələ ciddidir, çox ciddidir… Fransa bu iş üzrə bütün həqiqətin ortaya çıxması üçün mümkün olan hər bir şeyin edilməsini istəyir. Çünki bu məsələ ilə bağlı ilkin ittihamlar olduqca narahatedicidir” – Makron deyib.

Fransa prezidenti onu da əlavə edib ki, səudiyyəli jurnalist ətrafında yaranan vəziyyətlə bağlı faktlar aydın olduqdan sonra bu məsələyə dair mövqe bildirəcək. Makron həmçinin, mövcud problemi Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan, Səudiyyə Ərəbistanı kralı Salman Əbdüləziz və vəliəhd şahzadə Məhəmməd bin Salmanla müzakirə edəcəyini bildirib.

Xatırladaq ki, oktyabrın 2-də “The Washington Post” qəzetinin səudiyyəli jurnalisti, ailə qurmağa hazırlaşan Camal Kaşoqi sənəd əldə etmək üçün Səudiyyənin İstanbuldakı baş konsulluğuna gedib. Onunla birgə gedən nişanlısını konsulluğun binasına buraxmayıblar və 5 saatdan sonra deyiblər ki, Camal artıq konsulluqdan gedib. Lakin nişanlısı buna inanmadığını və konsulluğa daxil olduğu andan Camalın yoxa çıxdığını deyib. Hətta onun doğranılaraq öldürülməsi barədə məlumatlar da yayılıb.

“Reuters” türk polisinə istinadən yazıb ki, jurnalist Səudiyyə Konsulluğunda öldürülüb və daha sonra cəsədi oradan kənara çıxarılıb. Hətta qətlin əvvəlcədən planlaşdırıldığı iddia edilib. Bəzi Türkiyə rəsmiləri isə amerikalılara itkin düşən səudiyyəli jurnalist Camalın öldürülməsini təsdiqləyən səs və görüntülərə sahib olduqlarını bildiriblər. Lakin Səudiyyə Ərəbistanının İstanbuldakı baş Konsulluğu cinayətlə bağlı ittihamları rədd edib.

Camal Kaşoqi Ər-Riyadın hazırkı siyasətinin ən böyük tənqidçilərindəndir. 2017-ci ildə o, Səudiyyəni tərk edərək ABŞ-da məskunlaşıb. “The Washington Post” qəzetində çalışan Camal Səudiyyədəki problemləri və Ər-Riyadın daxili-xarici siyasətini tənqid edən məqalələr yazıb.

Leyla Elbrusqızı
AzVision.az

Teqlər: Səudiyyə   Türkiyə   Fransa