“Titli” qasırğası 12 nəfərin həyatına son qoydu

“Titli” qasırğası 12 nəfərin həyatına son qoydu
  13 Oktyabr 2018    Oxunub:3643
Hindistanın Orissa ştatının Qacapati dairəsində baş verən sürüşmə nəticəsində 3-ü uşaq olmaqla 12 nəfər həyatını itirib. Daha 4 nəfər itkin düşüb.
AzVision.az xəbər verir ki, bu barədə “Hindustan Times” qəzeti yerli hakimiyyətə istinadən məlumat yayıb. Belə ki, Baraqhara kəndinin 22 sakini güclü külək nəticəsində evlərinin damı uçduqdan sonra “Titli” qasırğasından qorunmaq üçün yaxınlıqdakı mağaraya sığınıblar. Yağış suları mağaranın yerləşdiyi təpənin yamacında sürüşməyə səbəb olub. Nəticədə mağarada olan 12 nəfər həyatını itirib, 4-ü itkin düşüb.

“Hindustan Times”ın yazdığına görə, “Titli” qasırğası bunadək Orissa ştatında 21 nəfərin ölümünə səbəb olub.

Qeyd edək ki, güclü “Titli” qasırğasının yaxınlaşması səbəbindən Hindistan hökuməti Orissa ştatının sahilətrafı 5 dairəsindən 300 min insanı evakuasiya edib. Lakin ştat ətrafındakı digər kənd və rayonların sakinləri onların da təhlükəsizliyinin təmin olunmasını tələb edirlər. Hökumət isə bildirir ki, həmin ərazilər qasırğanın təsir dairəsindən nisbətən uzaqda yerləşdiyindən təhlükə riski azdır.

Leyla Elbrusqızı
AzVision.az





Teqlər: Hindistan   qasırğa  





Xəbər lenti