İtən jurnalistə görə Səudiyyəyə sanksiya tətbiq ediləcək

İtən jurnalistə görə Səudiyyəyə sanksiya tətbiq ediləcək
  13 Oktyabr 2018    Oxunub:4853
Böyük Britaniyanın Xarici İşlər Nazirliyi səudiyyəli jurnalist Camal Kaşoqinin itməsilə əlaqədar sanksiya tətbiq edilməsi üçün Səudiyyə Ərəbistanı güc strukturlarının nümayəndələri və vəzifəli şəxslərinin siyahısını hazırlamağa başlayıb.
AzVision.az xəbər verir ki, bu barədə məlumatı “The Independent” qəzeti Britaniya hökumətindəki mənbələrinə istinadən dərc edib.

Qeyd olunub ki, hazırda siyahının tərtibi üzərində aktiv iş gedir və Səudiyyə rəsmilərinə qarşı sanksiya irəli sürülməsi ehtimalı olduqca böyükdür.

“Sanksiyaların tətbiq olunacağı potensial hədəflər dairəsinin müəyyənləşdirilməsi üçün Britaniya XİN-in xəzinədarlığına təlimat verilib. Məndə olan məlumata əsasən, bununla bağlı iş son 48 saat ərzində əhəmiyyətli dərəcədə aktivləşib”, - qəzetə mənbə bildirib.

Qeyd edilib ki, sanksiyaların tətbiqi üçün bu ilin may ayında Britaniya parlamentinin sanksiyalarla bağlı qanun layihəsinə etdiyi “Maqnitski düzəlişləri”ndən istifadə oluna bilər. ABŞ qanunvericiliyinə uyğun şəkildə edilən həmin düzəlişlər insan hüquqlarının kobud şəkildə pozulması və korrupsiyada ittiham edilən xarici məmurlara viza verilməməsi və maliyyə aktivlərinin dondurulması kimi məhdudlaşdırıcı tədbirləri nəzərdə tutur.

Xatırladaq ki, ABŞ-da 2012-ci ildə qəbul olunan “Maqnitski Aktı” insan hüquqlarını və qanunun aliliyini kobud şəkildə pozan Rusiya vətəndaşlarına qarşı şəxsi sanksiyaların tətbiqini nəzərdə tutub. Bu sanksiyalara Amerikaya girişin qadağan olunması və viza məhdudiyyətləri, həmçinin ABŞ-dakı maliyyə aktivlərinin bloklanması daxildir.

Akt Rusiyada dövlət büdcəsi vəsaitlərini mənimsəyən məmurların korrupsiya sxemini ifşa edən auditor Sergey Maqnitskinin 2009-cu ildə həbsxanada ölməsilə ilə əlaqədar qəbul olunub və onun ölümündə əlinin olduğu güman edilən şəxslərə qarşı tətbiq olunub. Lakin sonradan ABŞ “Maqnitski Aktı”na qlobal status verərək, istənilən ölkədə insan haqqlarını pozan fərdlərə qarşı sanksiyalar tətbiq etməyə başlayıb.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Səudiyyə   Britaniya  





Xəbər lenti