Jurnalistin qətlini sübut edən səs yazısı varmı?

  13 Oktyabr 2018    Oxunub : 3505
Jurnalistin qətlini sübut edən səs yazısı varmı?
Türkiyədə yoxa çıxan səudiyyəli müxalif jurnalist Camal Kaşoqinin Səudiyyə Ərəbistanının İstanbuldakı baş Konsulluğunda dindirildiyi və daha sonra qətlə yetirildiyini sübut edəcək səs yazısının onun “Apple” saatının qeydiyyatına düşdüyü iddia edilib.
AzVision.az “Reuters”ə istinadən xəbər verir ki, bu barədə “Daily Sabah” qəzeti məlumat yayıb.

Qeyd olunur ki, Kaşoqi Konsulluğunun binasına daxil olmazdan öncə “iPhone” smartfonunu onu çöldə gözləyən nişanlısına verib və qara rəngli “Apple Watch ” saatını isə öz qoluna taxıb. Konsulluğun binasına daxil olmazdan əvvəl saatı səs yazısı rejiminə keçirib və smartfon jurnalistin qolundakı “Apple Watch” ilə sinxronlaşıb.

Bunun nəticəsində içəridə Kaşoqinin dindirilməsi, işgəncəyə məruz qalması və sonra da doğranaraq öldürülməsini əks etdirən səs yazısı avtomatik şəkildə “iPhone” smartfonuna ötürülüb və daha sonra “Apple iCloud” proqramına yüklənib.

Səudiyyə Ərəbistanının kəşfiyyat nümayəndələri isə yalnız Kaşoqini öldürdükdən sonra onun qolundakı saatı görüblər və aktiv yazı rejimində olduğunun fərqinə varıblar. İz buraxmamaq üçün jurnalistin barmaq izindən istifadə etməklə “Apple Watch ” kodunu açaraq oradakı məlumatları silməyə cəhd ediblər. Lakin faylların hamısını silə bilməyiblər və nəticədə səs yazılarının bəzisi qorunub. Bununla da, jurnalistin öldürüldüyü və cəsədin hissələrə bölündüyü aydınlaşıb.

“Reuters” yazır ki, içəridə olan Kaşoqinin saatı vasitəsilə faylların onun çöldəki telefonuna detallı köçürülməsinin mümkünlüyü sual altında qalır. Həmçinin, istintaqçıların saat olmadan telefondakı məlumatları necə əldə edə bildiyi və şəbəkənin açıq olması, GPS-in işləkliyi də sual edilir.



Xatırladaq ki, oktyabrın 2-də “The Washington Post” qəzetinin səudiyyəli jurnalisti, ailə qurmağa hazırlaşan Camal Kaşoqi sənəd əldə etmək üçün Səudiyyənin İstanbuldakı baş konsulluğuna gedib. Onunla birgə gedən nişanlısını konsulluğun binasına buraxmayıblar və 5 saatdan sonra deyiblər ki, Camal artıq konsulluqdan gedib. Lakin nişanlısı buna inanmadığını və konsulluğa daxil olduğu andan Camalın yoxa çıxdığını deyib. Hətta onun doğranılaraq öldürülməsi barədə məlumatlar da yayılıb.

Bəzi Türkiyə rəsmiləri isə amerikalılara itkin düşən səudiyyəli jurnalist Camalın öldürülməsini təsdiqləyən səs və görüntülərə sahib olduqlarını bildiriblər. Lakin Səudiyyə Ərəbistanının İstanbuldakı baş Konsulluğu cinayətlə bağlı ittihamları rədd edib.

Camal Kaşoqi Ər-Riyadın hazırkı siyasətinin ən böyük tənqidçilərindəndir. 2017-ci ildə o, Səudiyyəni tərk edərək ABŞ-da məskunlaşıb. “The Washington Post” qəzetində çalışan Camal Səudiyyədəki problemləri və Ər-Riyadın daxili-xarici siyasətini tənqid edən məqalələr yazıb.

Leyla Elbrusqızı
AzVision.az

Teqlər: Səudiyyə   Türkiyə