“Hər bir oyun bizim üçün vacibdir” - Qurban Qurbanov

“Hər bir oyun bizim üçün vacibdir” - Qurban Qurbanov
  14 Oktyabr 2018    Oxunub:1172
UEFA Millətlər Liqası turniri çərçivəsində oktyabrın 14-də, saat 20:00-da, Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan - Malta oyunu ərəfəsində millimizin baş məşqçisi Qurban Qurbanovun və komandanın üzvü Maksim Medvedevin iştirakı ilə mətbuat konfransı təşkil olunub.
Qurban Qurbanov çıxışında bildirib: “Hər bir oyun bizim üçün vacibdir. Çətin səfərdən sonra bu dəfə doğma meydanda fərqli oyun üslubuna malik komandaya qarşı çıxış edəcəyik. Qarşılaşmanın əhəmiyyətini dərk edirik və bütün fikrimizi bu matça yönəltmişik. İnanıram ki, futbolçularımız yenə ən yaxşı oyunlarından birini nümayiş etdirməyə çalışacaqlar".

Baş məşqçi heyətdə dəyişiklik etməyi düşünmədiyini deyib: "Heyətdə dəyişiklik etməyi düşünmürük. Ancaq əsas məşqimiz sabah səhər saatlarında olacaq və heyəti konkret olaraq həmin hazırlıqdan sonra müəyyənləşdirəcəyik.

İstər rəqibə qol vurmaq, istərsə də qapımızdan top buraxmamaq üçün diqqətli olmalıyıq. Malta keçirdiyi hər üç oyunda qol vurmağı bacarıb. Sürətli əks-hücumlar qururlar. Onların Kosovo ilə keçirdikləri oyunu izləmişik. Kapitanları Mifsud oynamayacaq. Buna görə sevinmirəm. Əksinə, bu cür futbolçuların hər zaman komandalarına kömək etmələrinin tərəfdarıyam. Mifsud Malta millisi üçün vacib futbolçu olsa da, onun yoxluğunun komandasının oyununa ciddi şəkildə təsir edəcəyinə inanmıram”.

Maksim Medvedev isə çıxışında vurğulayıb: “Uzaq səfərdən vacib qələbə ilə dönmüşük. Ancaq Malta ilə qarşılaşma daha əhəmiyyətli olacaq. Komandada əhval-ruhiyyə yüksək səviyyədədir. Sabah meydanda yaxşı oynayacağımıza və vacib xallar qazacağımıza inanıram. Əlbəttə, azarkeşlərin sayının çox olmasını istərdik və ümid edirik ki, Farer adaları ilə oyundakı qələbədən sonra tribunada bizi izləyənlərin sayında artım olacaq”.

AzVision.az


Teqlər: Qurban-Qurbanov   Milli   Medvedev  





Xəbər lenti