İraqda həbsdə olan üç azərbaycanlı uşaq Tbilisiyə gətirilib - VİDEO

İraqda həbsdə olan üç azərbaycanlı uşaq Tbilisiyə gətirilib - VİDEO
  14 Oktyabr 2018    Oxunub:2586
İraqda ömürlük həbsə məhkum olunmuş Gürcüstan vətəndaşı olan milliyyətcə azərbaycanlı qadının üç azyaşlı övladı Tbilisiyə gətirilib.
2, 5 və 6 yaşlı uşaqları Tbilisi beynəlxalq hava limanında yaxın qohumları ilə yanaşı, Gürcüstanın ədliyyə naziri Tea Tsulukiani də qarşılayıb.

25 yaşlı Şəlalə Səmədova Gürcüstanın Laqodexi rayonunun Gəncəli kənd sakini olub. Onun Rusiya vətəndaşı olan milliyətcə azərbaycanlı həyat yoldaşı İŞİD terror təşkilatının döyüşçüsü olub. Hərbi əməliyyatlar zamanı onun ölməsinə baxmayaraq, İraqın qanunlarına əsasən, həyat yoldaşı terrorizmdə ittiham olunan şəxslə nikahda olduğuna görə ömürlük həbsə məhkum olunub. Onların azyaşlı övladları qanuna uyğun olaraq həbsxanada saxlanılırdı. Uşaqlar müəyyən yaşa çatdıqdan sonra yerli uşaq evlərinə veriləcəkdi.



Qadının valideynləri qızlarını 7 il, nəvələrini isə ümumiyyətlə görmədiklərini bildiriblər. Onlar uşaqların Gürcüstana qaytarılmasına görə T.Tsulukianiyə həyata keçirdiyi xeyirxah missiyaya görə minnətdarlıqlarını bildiriblər.

T.Tsulukiani azərbaycanlı qadının faciəvi taleyi barədə bir il öncə Gürcüstanın İraqdakı səfiri Gia Tabatadzedən öyrənib.



Bu ilin mayın 23-də T.Tsulukiani İraqın mərkəzi qadın həbsxanasında həmin qadınla şəxsən görüşərək, ondan övladlarını Gürcüstana valideynlərinin yanına göndərilməsi ilə bağlı razılıq alıb.

Nazirin sözlərinə görə, uşaqların Gürcüstana qaytarılması məsələsini operativ olaraq həll etmək lazım idi. Belə ki, onların uşaq evlərinə təhvil verilməsi yaşı yaxınlaşırdı.



T.Tsulukiani bildirirb ki, İraqın mərkəzi qadın həbsxanasında Gürcüstanla yanaşı Rusiya, Fransa, Azərbaycan, Qazaxıstan və digər ölkələrin vətəndaşları olan yüzlərlə qadın cəza çəkir və onların əksəriyyəti övladları ilə birgə saxlanılır.

Nazirin sözlərinə görə, Ş.S. həbsdə saxlanılan yeganə Gürcüstan vətəndaşıdır ki, Gürcüstanda anadan olub və bu günə qədər valideynləri də Gürcüstanda yaşayır.

T.Tsulukiani Bağdadda iraqlı həmkarı ilə görüşdə Gürcüstan vətəndaşına qarşı çıxarılmış məhkəmə hökmünə yenidən baxılması perspektivləri üzərində birgə işin aparılması barədə də razılıq əldə edib. (Report)

AzVision.az


Teqlər: Gürcüstan  





Xəbər lenti