Beynəlxalq Olimpiya Akademiyasının rəhbərliyi Bakıya gəlir

Beynəlxalq Olimpiya Akademiyasının rəhbərliyi Bakıya gəlir
  06 Mart 2013    Oxunub:1950
Martın 6-dan 8-dək Beynəlxalq Olimpiya Akademiyasının prezidenti İsidoros Kouvelos və akademiyanın direktoru Dionisis Qanqas Azərbaycanda səfərdə olacaqlar
Bu barədə AzVision.az-a Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən məlumat veriblər.
Qeyd edək ki, Beynəlxalq Olimpiya Akademiyasında artıq 4 ildir ki, olimpiya bilikləri üzrə magistratura proqramı tədris olunur. Ümumi təhsil müddəti bir il yarım olan akademiyada tələbələr il ərzində sentyabr-noyabr və aprel-iyun aylarında 2 semestr ərzində təhsil alırlar. Növbəti 6 ay ərzində müəyyən mövzu üzrə diplom işi hazırlayırlar.
Bu il fevralın 4-də Azərbaycan Respublikasının Yunanstanda Respublikasındakı səfiri Rəhman Mustafayevin Beynəlxalq Olimpiya Akademiyasının prezidenti İsidoros Kouvelosla görüşü zamanı Akademiya ilə ölkəmiz arasında əlaqələrin gələcək perspektivləri müzakirə olunub.
Gələcəkdə Azərbaycandan da tələbələrin bu akademiyada təhsil alması barədə akademiya rəhbərliyi ilə ilkin razılıq əldə edilib.
Bundan başqa Beynəlxalq Olimpiya Akademiyasının müəllim və professorlarının Azərbaycanın müvafiq ali təhsil müəssisələrində, bir sıra idman təşkilatlarında olimpiya təhsili mövzusunda mühazirələrlə çıxışları, eləcə də Azərbaycanda yüksək elmi nəticələr əldə etmiş 100 gəncin Beynəlxalq Olimpiya Akademiyasına tanışlıq səfərinin təşkili, müxtəlif idman-mədəni tədbirlərində iştirakı, qədim Olimpiya şəhərinə ziyarətinin təşkili barədə ilkin müzakirələr olunub.
Səfər çərçivəsində qonaqlar Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edəcəklər.
Həmçinin qonaqlar gənclər və idman naziri Azad Rəhimovla görüşəcəklər, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası, T.Bəhramov adına Respublika Stadionu, Bakı Tennis Akademiyası, “Musado” idman mərkəzi və İçərişəhərlə tanış olacaqlar.

AzVision.az



Teqlər:  





Xəbər lenti