Aleksandr Ramaşkanı məğlub edən Rail Rəcəbov kimdir?

Aleksandr Ramaşkanı məğlub edən Rail Rəcəbov kimdir?
  16 Oktyabr 2018    Oxunub:7456
Bu gün Azərbaycanda idmanın əksər növləri inkişaf etməkdədir. Ölkəmiz bölgədə beynəlxalq idman yarışlarının əsas mərkəzinə çevrilir. İdmançılarımızın müxtəlif beynəlxalq arenalarda səsləri gəlir. Qürurvericidir ki, beynəlxalq idman arenalarında Azərbaycan bayrağı himnizimin sədaları altında ucalır. Hər bir idmançı istəyir ki, bu anı yaşasın.
Azərbaycanda inkişaf etməkdə olan idman növlərindən biri də kikboksinqdir. Dünyada kikboksinə maraq böyükdür. Azərbaycanda da kikboksinqə maraq artır. Bunun səbəblərini daha çox idmansevərlər, idman ictimaiyyəti və ekpertləri dəyərləndirə bilər. Azərbaycan kikboksinqinin parlaq simalarından biri də Rail Rəcəbovdur.

Rail Rəcəbov kimdir?

1997-ci ildən idmanla məşğul olan Rail Rəcəbov 1986-ci ilin 10 iyulunda Bakı şəhərində anadan olub. 13 saylı orta məktəbi bitirib. 2004-2008-ci illərdə Təfəkkür Universitetində təhsil alıb. 2008-2009-ci illərdə vətən qarşısında xidmətini yerinə yetirib.

Rail Rəcəbov "Rabitə" İdman Klubunda məşqlərini "əməkdar müəllim" Ceyhun Abbasovun rəhbərliyi altında davam etdirib. Rail Rəcəbov 5 peşəkar döyüş keçirərək, 3 qələbə qazanıb. İdmançı kimi kariyerasında 5 dəfə Azərbaycan çempionu olub.

2001-2004-cü illərdə gənclər arasında, 2007-ci ildə kişilər arasında bu titulu qazanıb. O, daxili çempionatlarla yanaşı, beynəlxalq yarışlarda da vətənimizi təmsil edib. 2006-ci il "world profil" üzrə dünya çempionatının "lou" versiyasi üzrə ikincisi, muay-tai üzrə üçüncüsü olub. 2006-cı ilin oktyabrında WAKO üzrə Avropa çempionatında Makedoniyada üçüncü yerə çıxıb. Ardınca 2007-ci ildə Heydər Əliyevin xatirəsinə həsr olunmuş peşəkar turnirdə tanınmış rus döyüşçüsü Aleksandr Ramaşka üzərində qələbə qazanıb. Qələbə Rusiyada idman ictimaiyyəti arasında da böyük rezonansa səbəb olub. Daha sonra isə 2007-ci il Serbiyada WAKO üzrə dünya çempionatında ikinci yeri əldə edib. 2008-ci ildə peşəkarlar arasında Azərbaycan çempionu kəmərinin qalibi olub.

Təəssüf ki, Rail idmanı tez buraxıb. Sevindirici hal oldur ki, dövlətimiz Rail Rəcəbovun əməyini kənarda qoymayıb. İdmanda fərqləndiyinə görə, 2007-ci ildə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi "İdman ustası" adına, 2012-ci ildə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi "Əməkdar idman ustası", 2013-cü ildə Azərbaycan Respublikası Prezidenti tərəfindən Olimpiya Komitəsinin "fəxri fərman"ı mükafatı ilə təltif edilib. Rail Rəcəbov gənc olmasında baxmayaraq, bu idman növündə nəticələri deməyə əsas verir ki, bu gün gənc idmançılarımızın formalaşmasında əməyi ola bilər. Üstəlik, onun adı idman ictimaiyyətində həmişə hörmət və izzətlə çəkilir. Bu gün başqa sahədə çalışmasına baxmayaraq, idmançılarımızın nailiyyətlərini, döyüşlərini yaxından izləyir və mənən onlarla birgəd olduğunu nümayiş etdirir.

Elnur Eltürk
AzVision.az


Teqlər: Rail-Rəcəbov  





Xəbər lenti