Azərbaycanın “Uşaq Avroviziya-2018” mahnısı təqdim olundu

  17 Oktyabr 2018    Oxunub : 10439
Azərbaycanın “Uşaq Avroviziya-2018” mahnısı təqdim olundu
İctimai Televiziya və Radio Yayımları Şirkətində “Uşaq Avroviziya-2018” mahnı müsabiqəsində Azərbaycanın iştirakına dair təqdimat mərasimi keçirilib.
Azvision xəbər verir ki, təqdimat mərasimində İctimai Televiziya və Radio Yayımları Şirkəti Mərkəzi Aparatının rəhbəri Faiq Qürbətov, İTRYŞ-nin Musiqi, Bədii və Xüsusi Layihələr Departamentinin rəhbəri Leyla Quliyeva, ölkəmizi “Uşaq Avroviziya-2018”-də təmsil edəcək Fidan Hüseynova və ictimaiyyət nümayəndələri çıxış edərək müsabiqə barədə fikirlərini bölüşüblər.

“Sənin kimi olmaq” - (“I wanna be like you”) adlanan mahnının müəllifi tanınmış bəstəkar İsa Məlikov və ifaçı Fidan Hüseynovadır, musiqinin söz yazarları isə azərbaycan dilinə dair Aytən İsmixanova, ingilis dilində isə Elvira Miçiyevadır. Mahnıda Fidan öz arzularından və xəyali qəhrəmanından söz açır. Təmsilçimiz ifası zamanı kimliyini açıqlamadığı qəhrəmana bənzəmək üçün məqsədinə doğru necə addımlamağından danışır.

Təqdimat mərasimi zamanı İTRYŞ-nin Musiqi, Bədii və Xüsusi Layihələr Departamentinin rəhbəri Leyla Quliyeva bildirib ki, artıq müsabiqədə xüsusi mərhələ başlayır: "Mahnının melodiyasının düşünülməsində Fidanın da öz rolu olub. Bizim bir ay vaxtımız qalıb, artıq klip müsabiqənin rəsmi səhifəsində yerləşdirilib. Müsabiqənin şərtlərinə görə, mahnının böyük hissəsi ifaçının öz dilində olmalıdır. Buna görə də sözlərin 60%-i Azərbaycan, 40%-i ingilis dilindədir. Müəyyən keçidlərdə və nəqarətləri ingiliscədir".

“Avroviziya” mahnı müsabiqəsinin Azərbaycan üçün önəmindən bəhs edən bəstəkar İsa Məlikov isə budəfəki yarışmanın çətin keçəcəyini vurğulayıb: “Fidan çox böyük məsuliyyətin içindədir. Olduqca güclü rəqiblərimiz var, müsabiqədə bir-birindən maraqlı mahnılar yer alır. Biz də əlimizdən gəldiyi qədər Fidana dəstək olmalıyıq, çünki yeniyetmə təmsilçimizə qalibiyyət üçün motivasiya vacibdir.”

“Uşaq Avroviziya -2018” mahnı müsabiqəsində Azərbaycanı təmsil edəcək Fidan Hüseynova isə öz çıxışında yarışma zamanı ona dəstək olması üçün Fransanın məşhur müğənnisi Lara Fabiana səslənib: “Əziz Lara Fabian, mən Azərbaycandan Fidan. Biz sizinlə iki dəfə görüşmüşük, Bakıda və İstanbulda eyni səhnədə duetimiz olub. Mən indi Belarusda keçiriləcək “Junior Eurovision-2018”də öz ölkəmi təmsil edəcəm. Sizdən mənə bu məsuliyyətli addımda dəstək olmağınızı xahiş edirəm. Sizi sevirəm.”

Qeyd edək ki, “Sənin kimi olmaq” (“I wanna be like you”) adlanan mahnının İctimai Televiziyanın yaradıcı heyəti tərəfindən hazırlanan ekran işinin quruluşçu rejissoru Aleksey Krupina, operatoru İsmayıl Eyvazi, koordinatoru Maksim Tsurkov, montaj rejissoru Elşad Məmmədov, rejissor assisenti Fidan Cəfərova, işıqçıları Vüsal Həmdullayev və Fərid Cəfərovdur.

Xatırladaq ki, 25-noyabr 2018-ci il tarixində Belarusun paytaxtı Minsk şəhərində keçiriləcək “Uşaq Avroviziya-2018” mahnı müsabiqəsində 20 ölkə birincilik uğurunda mübarizə aparacaq. Bunlar Azərbaycan da daxil olmaqla Albaniya, Avstraliya, Belarus, Fransa, Gürcüstan, İtaliya, İsrail, Qazaxıstan, Portuqaliya, Polşa, İrlandiya, Serbiya, Rusiya və digər ölkələrdir. Yarışma 15 000 tamaşaçı tutumuna malik olan “Minsk Arena”da reallaşacaq.

Azvision

Teqlər: İTV   Uşaq-Avroviziya-2018