Gəncədə 9 ayın hesabatı dinlənilib

  18 Oktyabr 2018    Oxunub : 837
Gəncədə 9 ayın hesabatı dinlənilib
Gəncədə 2018-ci ilin 9 ayında şəhərinin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr haqqında şəhər icra hakimiyyəti başçısının hesabatı dinlənilib. Hesabat yığıncağında şəhərin idarə, təşkilat və müəssisələrinin, habelə xidmət sahələrinin rəhbərləri iştirak ediblər.
xəbər verir ki, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov çıxış edərək, bildirib ki, Prezident İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində Azərbaycan dinamik inkişaf edir, qazandığı uğurlarla nəinki regionun, dünyanın qüdrətli və əsas söz sahibi olan dövlətindən birinə çevrilir. Gəncə Şəhər İcra Hakimiyyətinin gələcək fəaliyyətinin əsasını da Prezident İlham Əliyevin Gəncənin gələcək sosial-iqtisadi inkişafı istiqamətində verdiyi tapşırıq və tövsiyələr, həmçinin Nazirlər Kabinetinin geniş iclasındakı nitqindən irəli gələn vəzifələr təşkil edir. Ölkə başçısının Gəncəyə olan qayğı və diqqəti sayəsində son illər şəhərin bütün sahələrində müşahidə olunan dinamik inkişaf 2018-ci ilin 9 ayında da davam edib.

Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Elnur Rzayev çıxış edərək bildirilib ki, 2018-ci ilin doqquz ayında şəhərdə istehsal edilən ümumi məhsul buraxılışı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 8,4 faiz artıb. 2018-ci ilin yanvar-sentyabr aylarında şəhər əhalisinin gəlirləri 7,3 faiz çoxalıb.

Gəncə şəhər Nizami və Kəpəz rayon Məşğulluq Mərkəzlərinə işaxtaran qismində 3 345 nəfər müraciət edib. İşaxtaran vətəndaş kimi qeydiyyatda olanlardan 2 min 276 nəfəri işlə təmin olunub. Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 2011-2017-ci və 2018-ci ilin müvafiq dövrü ərzində 126 sahibkara 37 milyon 30 min manat güzəştli kredit verilib. Bu investisiya layihələrinin reallaşması ilə 720 yeni iş yerinin açılmasına şərait yaradılıb.

Regionların sosial-iqtisadi inkişafı III dövlət proqramının həyata keçirilməsi nəticəsində şəhərimizdə işsizliyin səviyyəsi 5,0 faiz təşkil edir.

“Azərbaycan Dəmir Yolları” QSC-nin və Fransa Maliyyə Agentliyinin dəstəyi ilə “Gəncə Əlvan Metal Emalı” ASC-nin şimal-qərb hissəsində, 2019-cu ilin oktyabr ayında istifadəyə verilməsi nəzərdə tutulan, 33,0 milyon avro dəyərində Gəncə lokomotiv deposunun inşasına başlanılıb.

“NB Satınalma və Ticarət” MMC tərəfindən 54,0 hektar ərazidə yerləşən, illik istehsal gücü 3,0 milyon kv.metr olan süni mərmər və qranit, 60 min ton quru inşaat materialları qarışıqları olan Süni Mərmər və Qranit, Tikinti Qarışıqları, Metlax və sair Tikinti Materialları zavodunun tikintisi sürətləndirilib.

“MFK” MMC-nin illik istehsal gücü 30 milyon şərti müxtəlif ölçülərdə kərpic olan, ümumi sahəsi 3,0 hektar olan müasir avadanlıqlarla təchiz ediləcək müəssisənin inşası davam etdirilməkdədir. Bu müəssisənin 2019-cu ilin birinci rübündə istifadəyə verilməsi nəzərdə tutulur.

“Gəncə avtomobil zavodu” İstehsalat Birliyinə gələcəkdə istehsalın həcminin artırılması məqsədilə Türkiyədə “Belarus” traktorlarının istehsalının təşkil edilməsi ilə bağlı Anadolu mərkəzində yer alan Kırıkkale inzibati ərazisindən 5,3 hektar torpaq sahəsi ayrılması ilə bağlı razılıq verilib.

Hesabat dövründə Gəncə şəhər Prokurorluğunun və Gəncə Hərbi Prokurorluğun müasir tələblərə cavab verən yeni inzibati binaları istifadəyə verilib. Gəncə Dövlət Dram Teatrının yeni 500 yerlik binasının və Gəncə şəhərində İdman Sarayının inşası davam etdirilir. Nizami Gəncəvi prospekti ilə Kimyaçılar küçəsinin kəsişməsində qəza vəziyyətində olan yataqxanalardan sakinlərin köçürülməsi məqsədilə yeni 4 ədəd bir bloklu çoxmərtəbəli binadan cari ildə istifadəyə veriləcək on mərtəbəli, 60 mənzilli binanın inşası sürətləndirilib.

5,0 hektar ərazidə yeni inşa edilən, 4 min nəfər sərnişin tutumuna malik Beynəlxalq Avtovağzalda tikinti işləri başa çatdırılıb, ərazidə son tamamlanma işləri aparılır.

Gəncə şəhərində Almaniyanın KFW Bankının krediti hesabına “Açıq Kommunal İnfrastruktur Proqramı II” layihəsi çərçivəsində su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması üzrə tikinti-quraşdırma işləri davam etdirilir. 2018-ci ilin doqquz ayında Gülüstan yaşayış massivi, AKTA-6 ərazisi, Nizami Gəncəvi prospekti, 1-ci mikrorayon, M.C.Paşayev, İ.Cəfərov, Əbül Üla Gəncəvi, Bülbül, İsmət Qayıbov, Əttarlar və digər küçələrdə bu sahədə işlər aparılıb.

Gəncə Telekommunikasiya İdarəsinin rəisi Əbülfəz Orucov çıxış edərək, rəhbərlik etdiyi müəssisə tərəfindən aparılan yenidənqurma işlərindən danışıb. Bildiirb ki, 2018-ci ilin 9 ayı ərzində rabitə şəbəkəsi genişləndirilərək, yeni 1 123 ədəd telefon çəkilib. Hazırda şəhərdə olan əsas telefon aparatlarının sayı 57 184 nömrəyə çatır ki, bu da ümumi montaj tutumunun 58,4 faizini təşkil edir. Genişzolaqlı internetə olan tələbatın ödənilməsi sahəsində görülən işlər nəticəsində ümumi montaj tutumu 40 min 40 porta çatdırılıb. Hesabat dövründə 448 ADSL portalı quraşdırılıb. Hazırda Gəncədə olan ümumi internet abunəçilərinin sayı 26 min 926 nəfər təşkil edir.

Gəncə Şəhər 12 Saylı Ərazi Vergilər Departamentinin rəis müavini Pərviz İsmayılov hesabat məruzəsi ilə çıxış edib. Məlumat verilib ki, 2018-ci ilin doqquz ayında şəhərin yerli büdcəsinin gəlirləri 24 milyon 470 min manat proqnoza qarşı 26 milyon 974 min manat yerinə yetirilib. Bu ötən ilin ilk doqquz ayı ilə müqayisədə 886 min manat çoxdur. 2018-ci ilin yanvar-sentyabr aylarında əhali tərəfindən banklara yerləşdirilən əmanətlərin həcmi 13 milyon 392 min manat təşkil edib. Gəncə şəhəri üzrə 2 min 549 təsərrüfat subyektində Nəzarət Kassa Aparatları tətbiq edilib ki, onlardan 322-si hüquqi, 2 min 227-si isə fiziki şəxs təşkil edir. Bu dövrdə fəaliyyət göstərən pərakəndə ticarət, iaşə və digər xidmət sahələrində 1 min 151 ədəd posterminal quraşdırılıb.

Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Müşfiq Cəfərov çıxış edərək, gənclərlə iş sahəsi üzrə müxtəlif mövzularda 100-ə yaxın tədbir və layihənin həyata keçirildiyini bildirib. O qeyd edib ki, bu tədbirlərdə 15 minə yaxın gənc və yeniyetmə iştirak edib. Ötən dövrdə Gəncədə 41 idman yarışı keçirilib, bu yarışlarda 6 mindən çox idmançı iştirak edb. Bununla yanaşı 300-ə yaxın idmançımız 23 Respublika yarışlarında iştirak edib, nəticədə 46 nəfər birinci, 32 nəfər ikinci, 40 nəfər üçüncü yerə layiq görülüb. Həmçinin 44 idmançıdan 3-ü Beynəlxalq, 6-sı Avropa və 3-ü Dünya yarışlarında iştirak etməklə, ümumilikdə 25 medal qazanıb. Bu medallardan 11-i qızıl, 3-ü gümüş, 11-i isə bürüncdür.

Hesabat məruzələrini dinləyən Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov çıxış edərək, qarşıda duran vəzifələrdən danışıb. O bildirib ki, əhaliyə göstərilən xidmətlərin yaxşılaşdırılması məqsədi ilə təhsil, səhiyyə, mədəniyyət və idman müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində görülən işlər diqqət mərkəzində saxlanılmalıdır. Mikrorayon və məhəllədaxili ərazilərin, küçə və meydanların abadlaşdırılması istiqamətində görülən işlər surətləndirilməli, Prezident İlham Əliyevin Gəncə şəhərində yeni infrastruktur layihələrinin həyata keçirilməsi ilə bağlı tədbirlər haqqında imzaladığı sərəncamın icrasından irəli gələn məsələlər tam yerinə yetirilməlidir. Bunlarla yanaşı payız-qış mövsümü ilə əlaqədar nəzərdə tutulan tədbirlərin icrasının sürətləndirilməsini üçün müvafiq idərə və müəssisə rəhbərlərinə tapşırıqlar verilib.

Sonda “2018-ci ilin doqquz ayında Gəncə şəhərinin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr haqqında” Gəncə Şəhər İcra Hakimiyyəti başçısının hesabatı yığıncağının yekun qərarı oxunub.

Azvision

Teqlər: gəncə   Hesabat