Lütfiyar İmanovun xatirəsi anılıb

 Lütfiyar İmanovun xatirəsi anılıb
  21 Oktyabr 2018    Oxunub:12483
Oktyabrın 19-da M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında görkəmli opera müğənnisi, Xalq artisti Lütfiyar İmanovun anadan olmasının 90 illiyinə həsr edilmiş tədbir keçirilib.
Mədəniyyət Nazirliyindən Azvision.az-a verilən məlumata görə, respublikanın tanınmış mədəniyyət və incəsənət xadimlərinin iştirak etdiyi tədbir Mədəniyyət Nazirliyi və Filarmoniyanın birgə təşkilatçılığı ilə reallaşıb.

Əməkdar İncəsənət xadimi Zemfira Qafarova çıxış edərək unudulmaz sənətkarın həyat və yaradıcılığı haqqında məlumat verib, musiqi mədəniyyətimizin inkişafındakı xidmətlərindən danışıb.

Bildirilib ki, müasir Azərbaycan mədəniyyətinin görkəmli nümayəndəsi Lütfiyar İmanov milli musiqinin inkişafında müstəsna xidmətləri olan sənətkarlarımızdandır. Onun klassik opera sənəti və xalq musiqisinin vəhdətindən bəhrələnən yüksək ifaçılıq məharəti Azərbaycan vokal sənəti tarixində yeni bir mərhələ təşkil edir. Sənətkarın adı opera səhnəmizdə aparıcı partiyaların mahir ifaçısı kimi həmişəlik həkk olunub.

Vurğulanıb ki, ömrünün yarım əsrə yaxın bir dövrünü opera ifaçılığına həsr edən L. İmanov musiqi mədəniyyətimizdə daim öz dəst-xətti ilə seçilən bir mədəniyyət xadimi kimi tanınıb. Tanınmış sənətkarın yüksək səhnə mədəniyyəti, aktyorluq məharəti və güclü səsi ona geniş repertuarla çıxış etməyə imkan verib. Onun Azərbaycan və dünya klassiklərinin şah əsərlərində ifa etdiyi partiyalar, yaratdığı obrazlar öz dolğunluğu, kamilliyi və təbiiliyi ilə səciyyələnib. Sənət fəaliyyəti boyu təqdirəlayiq uğurlar əldə edən Lütfiyar İmanov milli və dünya klassik opera nümunələri ilə yanaşı, müxtəlif konsert proqramlarında kamera-vokal əsərləri, romansları və xalq mahnılarını zövq və ustalıqla ifa edib. İfaçısı olduğu əsərlərin üslub xüsusiyyətlərini dərindən duyma və onları özünəməxsus tərzdə məharətlə çatdırma qabiliyyəti Lütfiyar İmanova musiqisevərlərin rəğbət və məhəbbətini qazandırıb.

O, milli musiqinin daha da zənginləşməsi naminə hədsiz sədaqətlə çalışaraq, dərin tarixi köklərə malik Azərbaycan ifaçılıq məktəbinin inkişafı yolunda istedad və bacarığını əsirgəməmişdir. Yaradıcılığının başlıca qayəsi xalq mənəviyyatına xidmətdən ibarət olan Lütfiyar İmanov ölkəmizin hüdudlarından xeyli uzaqlarda, dünyanın ayrı-ayrı guşələrində mötəbər konsert salonlarındakı çoxsaylı çıxışları ilə Azərbaycan mədəniyyətini daim layiqincə təmsil etmiş və ona şöhrət gətirib.

Qeyd edilib ki, görkəmli müğənninin zəngin yaradıcılığı yeni sənətkarlar nəsli üçün əsl örnəkdir. O, uzun illər ərzində pedaqoji fəaliyyətlə məşğul olaraq, opera müğənnilərinin yetişdirilməsi işində diqqətəlayiq xidmətlər göstərmiş, ifaçılıq sənəti tarixində toplanmış zəngin təcrübənin gənc musiqiçilər nəslinə çatdırılması üçün böyük əmək sərf edib.

Tədbir konsert proqramı ilə davam edib.

Azvision.az


Teqlər: Lütfiyar-İmanov  





Xəbər lenti