Çin-dən ABŞ-a ballistik raketlərlə bağlı xəbərdarlıq

Çin-dən ABŞ-a ballistik raketlərlə bağlı xəbərdarlıq
  22 Oktyabr 2018    Oxunub:3510
Orta və yaxın mənzilli ballistik raketlərin ləğvi haqqında müqavilə əvvəlki kimi öz əhəmiyyətini qoruyub saxlayır və ABŞ-ın birtərəfli qaydada bu müqavilədən çıxması çoxtərəfli mənfi effekt verəcək.

Azvision.az xəbər verir ki, bunu Çinin XİN nümayəndəsi xanım Hua Çunyin bu gün keçirdiyi brifinqdə deyib.
“Soyuq müharibə dövründə ABŞ və SSRİ arasında imzalanmış orta və yaxın mənzilli ballistik raketlərin ləğvi haqqında müqavilə silahlanmaya nəzarət üzrə olduqca vacib sazişdir. Bu müqavilə beynəlxalq münasibətlərin stabilləşməsi, qlobal strateji balans və sabitliyin dəstəklənməsində mühüm rol oynayıb və bu gün də əvvəlkitək vacib əhəmiyyətə malikdir. ABŞ-ın birtərəfli qaydada bu müqavilədən çıxmasının çoxtərəfli mənfi effekti olacaq” – Çin XİN-in rəsmisi vurğulayıb.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp Rusiyanın orta və yaxın mənzilli ballistik raketlərin ləğvi haqqında müqavilənin şərtlərini pozduğuna görə Vaşinqtonun sazişdən çıxa biləcəyini bəyan edib. Lakin Tramp konkret hansı şərtlərin pozulduğunu açıqlamayıb.

Bundan əvvəl ABŞ-ın NATO-dakı daimi nümayəndəsi Key Beyli Hatçison isə bildirmişdi ki, Rusiyanın orta mənzilli raketləri Vaşinqtonla Moskva arasında imzalanan müqaviləyə ziddir və gələcəkdə Rusiyanın Avropaya qarşı nüvə hücumu həyata keçirməsində istifadə oluna bilər. Əgər Moskva nüvə başlığı daşıyan orta mənzilli ballistik raketlərin təkmilləşdirilməsi və istehsalını davam etdirsə, ABŞ özünü və müttəfiqlərini qorumaq üçün Rusiyaya qarşı hərbi hücum variantını da nəzərdən keçirməyə hazırdır.

Xatırladaq ki, ABŞ ilə Rusiyanın Avropa və Uzaq Şərqdəki müttəfiqlərini qorumağı hədəfləyən orta və yaxın mənzilli ballistik raketlərin ləğvi haqqında müqavilə 1987-ci ildə Vaşinqtonda imzalanıb. Müqavilə Rusiya və ABŞ-ın 500-5500 kilometr məsafə radiusunda hədəfləri vura biləcək yer tipli bütün qanadlı raketlərin ləğvini nəzərdə tutur, həmçinin onların istehsalını və sınağını qadağan edir.

Leyla Elbrusqızı
Azvision.az


Teqlər: Rusiya   ABŞ   Çin  





Xəbər lenti