Fond yeni qrant müsabiqəsi elan edib

Fond yeni qrant müsabiqəsi elan edib
  22 Oktyabr 2018    Oxunub:11118
Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu “Türk Dünyası Araşdırmaları” məqsədli beynəlxalq qrant müsabiqəsi elan edib.
Fonddan Azvision.az-a verilən xəbərə görə, müsabiqə çərçivəsində 2 alt-müsabiqənin keçirilməsi nəzərdə tutulur: 1-ci Azərbaycan-Türkiyə (“AzTürk-1”) beynəlxalq qrant müsabiqəsi (Elmin İnkişafı Fondu və Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurası ((Türkiye Bilimsel ve Teknolojik Araştırma Kurumu – TÜBİTAK) tərəfindən birgə təşkil olunmaqla); “Azərbaycan və Türk Dünyası” tədqiqatları üzrə qrant müsabiqəsi (Elmin İnkişafı Fondu tərəfindən təşkil olunmaqla).

1-ci Azərbaycan-Türkiyə (“AzTürk-1”) beynəlxalq qrant müsabiqəsinin məqsədi Azərbaycan və Türkiyədən olan alim və mütəxəssislərin təqdim etdiyi birgə elmi-tədqiqat layihələrinin Elmin İnkişafı Fondu və TÜBİTAK-ın birgə qrantları vasitəsilə dəstəklənməsi, bu tədqiqatların iqtisadiyyatda tətbiqinə şərait yaradılması, yeni əməkdaşlıq imkanlarının açılması, elmi təcrübə və bacarıqların mübadiləsi, layihə üzrə qoyulmuş elmi problemlərin həllində onlardan istifadə edilməsidir.

Müsabiqə çərçivəsində fundamental, tətbiqi, eksperimental, akademik, empirik, innovativ, nəzəri xarakterli və 400 000 manatadək maliyyə həcmli layihələr maliyyələşdiriləcək.
“Azərbaycan və Türk Dünyası” tədqiqatları qrant müsabiqəsinin məqsədi isə “Elm haqqında” qanunda (maddə 3) göstərilmiş prioritetlər üzrə təqdim edilən layihələrin, eyni zamanda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, türkdilli ölkələrə qarşı törədilmiş soyqırımlar, Xocalı soyqırımı, erməni diasporunun məkrli fəaliyyəti, iddiaları, qaçqın və məcburi köçkünlərin hüquqlarının qorunması, sosial və tibbi problemlərinin araşdırılmasına dair tədqiqatların maliyyələşdirilməsidir.

Həmçinin türk dünyası ölkələrinin maddi və qeyri-maddi irsinin tədqiqinə həsr olunmuş, türkdilli xalqların mənşəyi, genetik spesifikliyi, milli tərkibi, demoqrafik vəziyyəti, ümumtürk mifologiyası, eposları, yazılı ədəbiyyatı, əlyazmaları, leksikası, maarifçilik və bilik fəlsəfəsi, sosiologiyası, abidələri, islam mədəniyyətinin, türk dünyası ölkələrinin geosiyasi problemləri, iqtisadiyyatı, tarixi, davamlı inkişafı və inteqrasiya prosesləri, ekoloji, tibbi, bioloji və aqrar problemləri əhatə edən fundamental-tətbiqi xarakterli elmi-tədqiqat layihələri də müsabiqə yolu ilə dəstəklənəcək.

Müsabiqə çərçivəsində fundamental, tətbiqi, eksperimental, akademik, empirik, innovativ, nəzəri xarakterli və 200 000 manatadək maliyyə həcmli layihələr maliyyələşdiriləcək.

Müsabiqədə iştirak etmək üçün hər iki alt-müsabiqə üzrə qrant layihələri 2018-ci il noyabrın 1-dən 2019-cu il yanvarın 31-i saat 17:00-dək qəbul olunacaq. “AzTürk-1” alt-müsabiqəsi üzrə nəticələrin 2019-cu ilin 2-ci yarısında, “Azərbaycan və Türk Dünyası” tədqiqatları alt-müsabiqəsinin nəticələrinin isə 2019-cu ilin 1-ci yarısında açıqlanması planlaşdırılır.
Müsabiqə ilə bağlı ətraflı məlumatı Fondun https://azvision.az/redirect.php?url=http://www.sdf.gov.az/ internet səhifəsindən əldə etmək mümkündür.

Azvision.az


Teqlər: Fond   Müsbaiqə  





Xəbər lenti