AFFA klublara xəbərdarlıq etdi
“Təəssüf ki, Region Liqası turnirinin ötən həftəsonu keçirilmiş III tur oyunlarının bir neçəsində intizamsızlıq halları baş verib. Hakim qərarlarına etiraz fonunda məşqçi və futbolçuların iştirakı ilə kütləvi dava-dalaş cəhdlərinə yol verilib, bunun nəticəsində oyunlarda bir neçə dəqiqəlik fasilələr yaranıb. AFFA nümayəndələrinin və təhlükəsizliyə cavabdeh şəxslərin müdaxiləsi ilə dava-dalaş cəhdlərinin qarşısı alınıb, turun bütün oyunları sona qədər oynanılıb.
AFFA və Region Liqasının təşkili üzrə İşçi qrupu belə intizamsızlıq cəhdlərini kəskin şəkildə pisləyir, bütün komandaların turnirin Əsasnaməsində göstərilmiş qaydalara riayət etməsinin vacibliyini bildirir. Cari turda qeydə alınmış qayda pozuntularına AFFA-nın İntizam Komitəsi tərəfindən müvafiq hüquqi qiymət veriləcək.
Region Liqasının bütün iştirakçılarının bir daha diqqətinə çatdırılır ki, analoji hallar təkrarlanacağı təqdirdə, təqsirkar komandanın turnirdən kənarlaşdırılması məsələsinə baxılacaq.
Bütün komandaları qaydalara riayət etməyə və futbolun gözəlliyindən zövq almağa çağırırıq. Bir daha xatırladırıq ki, AFFA Ədalətli Oyun, həmçinin meydanda və meydandan kənarda tərəflərin bir-birinə hörmət və ehtiram prinsiplərini dəstəkləyir!”
Qeyd edək ki, “Baku” – “Şahdağ” (Qusar) və “Kürmük” (Qax) – “Şəki” oyunlarında məşqçilər, futbolçular və azarkeşlər arasında kütləvi dava olub.
Azvision.az
Teqlər: AFFA