“Mənə o köpəyin başını gətirin!” - Camal Kaşoqinin ölüm əmrini verən məlum oldu

“Mənə o köpəyin başını gətirin!” - Camal Kaşoqinin ölüm əmrini verən məlum oldu
  24 Oktyabr 2018    Oxunub:16999
Səudiyyə Ərəbistanının Türkiyədəki baş konsulluğunda jurnalist Camal Kaşoqinin öldürülməsinə əmr verən şəxs Səud bin Abdulla əl-Kahtanidir. O, Səudiyyənin vələhd şahzadəsi Məhəmməd bin Salmanın ən yaxın məsləhətçilərindən biri, Krallıq Məhkəməsinin sədr müavinidir.
Azvision.az xəbər verir ki, bu barədə “Reuters” Səudiyyənin adlarının açıqlanmasını istəməyən 2 rəsmisinə istinadən məlumat yayıb. Qeyd olunur ki, konsulluqda Kaşoqinin saxlanıldığı otağa “Skype” vasitəsilə video bağlantı quran əl-Kahtani jurnalistin öldürülməsi prosesinə nəzarət edib.

Öldürülməzdən əvvəl əl-Kahtani jurnalist Kaşoqiyə müxtəlif təhqiredici ifadələr söyləyib və daha sonra otaqdakı qatillərə “mənə o köpəyin başını gətirin” əmrini verib. Lakin əl-Kahtaninin jurnalistin öldürülməsini video bağlantı vasitəsilə sonadək izləyib-izləmədiyi bilinmir.

Krallıq Məhkəməsinin digər bir rəsmisi isə bildirib ki, Ər-Riyad Kaşoqinin qətli ilə bağlı əl-Kahtaninin bütün məsuliyyəti öz üzərinə almasını istəyib.



Əl-Kahtani 2017-ci ildə Səudiyyədə Livan baş naziri Saad Həririnin girov saxlanılması və istefaya məcbur edilməsində önəmli rol oynayan fiqurlardandır. O həmçinin, vəliəhd şahzadə Məhəmməd bin Salmana müxalif olanları susdurmağına görə tanınır. Kaşoqinin qətlindən sonra isə Səudiyyə Ərəbistanı kralı Salman ibn Əbdüləziz əl-Səudun ölkənin Ümumi Kəşfiyyat Xidməti rəhbərinin müavini general Əhməd Əsiri ilə yanaşı, Abdulla əl-Kahtanini də vəzifəsindən qovduğu bildirilir. Onların həbs olunub-olunmayacağı məlum deyil.

“Reuters”in Ər-Riyaddakı mənbələrinə görə, bütün bu faktlar vəliəhd şahzadə Məhəmməd bin Salmanın jurnalistin qətlində birbaşa əlinin olduğunu göstərir. “Lakin yaşanan hadisələr Məhəmməd bin Salmanı vəzifədən uzaqlaşdırmağa kifayət etməyəcək. Amma onun nüfuzunu bərpa etməsi uzun vaxt aparacaq. O üzdən də vəliəhd şahzadəyə yaxın adamlar qovuldu. Çünki kral ilk növbədə özünü qoruyur”.

Qeyd edək ki, oktyabrın 2-də “The Washington Post” qəzetinin səudiyyəli jurnalisti, ailə qurmağa hazırlaşan Camal Kaşoqi sənəd əldə etmək üçün Səudiyyənin İstanbuldakı baş konsulluğuna gedib. Onunla birgə gedən nişanlısını konsulluğun binasına buraxmayıblar və 5 saatdan sonra deyiblər ki, Camal artıq konsulluqdan gedib. Lakin nişanlısı buna inanmadığını və konsulluğa daxil olduğu andan Camalın yoxa çıxdığını deyib.

Səudiyyə Ərəbistanının baş prokuroru Saud əl-Muacib jurnalist Camal Kaşoqinin İstanbuldakı konsulluqda yaranmış münaqişə nəticəsində öldüyünü təsdiqləyib. Rəsmi məlumata əsasən, konsulluqda olarkən Camal Kaşoqi ilə onun Səudiyyəyə dönməsində israr edənlər arasında dava yaranıb və nəticədə insident jurnalistin ölümünə səbəb olub. Kaşoqinin qətli ilə bağlı Səudiyyədə açılan cinayət işi çərçivəsində 18 nəfər həbs olunub.

Leyla Elbrusqızı
Azvision.az


Teqlər: Səudiyyə  





Xəbər lenti