Sarkisyan Paşinyanın xeyrinə qalmaqallı qanunu imzalamadı

Sarkisyan Paşinyanın xeyrinə qalmaqallı qanunu imzalamadı
  24 Oktyabr 2018    Oxunub:3049
Ermənistan prezidenti Armen Sarkisyan Milli Məclisin reqlamentinə düzəlişlərlə bağlı parlamentin qəbul etdiyi qanunu imzalamaqdan imtina edib.

Azvision.az xəbər verir ki, bu barədə Ermənistan prezidentinin rəsmi saytında yerləşdirilən bəyanatda deyilir.
Qeyd olunur ki, cəmiyyətin əksər hissəsinin narazılığı səbəbindən Sarkisyan prezident aparatına bu məsələ ilə bağlı beynəlxalq təcrübəni daha yaxşı incələməyi, adı çəkilən qanunda konstitusion problemlərin olub-olmadığını analiz etməyi, təklif edilən dəyişikliklərin konkret problemlərin həllinə gətirib-gətirməyəcəyini və onun təsirinin mümkün nəticələrini araşdırmağı tapşırıb.

Tədqiqatın nəticələri müvafiq qanunda konstitusion problemləri üzə çıxarıb. Bütün bunları nəzərə alaraq və qanunun aliliyi prinsipinə söykənərək Ermənistan prezidenti Konstitusiya Məhkəməsinə təqdim edilən qanunun ölkə konstitusiyasının tələblərinə uyğunlunluğu məsələsini həll etməyi tapşırıb.

Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan parlamentin buraxılması yolu ilə dekabrda növbədənkənar seçkilərin keçirilməsi məqsədilə 16 oktyabrda istefa verib. 2 oktyabrda isə Ermənistan parlamenti “Milli Məclisin reqlamenti haqqında” qanuna düzəlişlər edilməsi barədə qanun layihəsini qəbul edib. Sözegedən qanun layihəsi baş nazir ikinci dəfə seçilməli olarsa səsvermə günü prosesi çətinləşdirəcək hər hansı vəziyyət yarandıqda parlamentin ləğv edilməsinin qarşısını almağı nəzərdə tutur. Bu isə Paşinyanın növbədənkənar seçki planlarını alt-üst edir. Bundan hiddətlənən Paşinyan atılan addımı “əksinqilabın rəsmən başlanması” kimi qiymətləndirib və həmin gün tərəfdarlarını parlamentin önündə etiraz aksiyası keçirməyə çağırıb. Və elə mitinqin gedişində əhalinin gözü qarşısında ona xəyanət edən “Çiçəklənən Ermənistan” və “Daşnaksütyun” partiyalarının təmsilçisi olan 6 nazirin vəzifədən azad edilməsi barədə fərmana imza atıb.

Leyla Elbrusqızı
Azvision.az




Teqlər: Ermənistan   Parlament   seçki  





Xəbər lenti