Jurnalistin qətlində vəliəhd şahzadə məsuliyyət daşıyır – Tramp

Jurnalistin qətlində vəliəhd şahzadə məsuliyyət daşıyır –  Tramp
  24 Oktyabr 2018    Oxunub:3408
Jurnalist Camal Kaşoqinin qətlinə gətirib çıxaran əməliyyata görə yekun və əsas məsuliyyət Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın üzərinə düşür.
Azvision.az xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp “The Wall Street Journal”a müsahibəsində deyib.

O, bildirib ki, jurnalistin ölümündə aşağı səviyyəli rəsmilərin əlinin olduğu barədə şahzadənin iddialarına inanmaq istəyir. Lakin bu, yuxarı səviyyədə məsuliyyətdən yayındırmır. Çünki Trampa görə, Səudiyyədə bir sıra sahələrdə nəzarət Məhəmməd bin Salmanın əlindədir.

“Aydındır ki, şahzadə orada bir çox şeyi idarə edir, özü də indiki mərhələdə daha çox səlahiyyətə malikdir. Ona görə də əgər kimsə bu məsələdə məsuliyyət daşımalıdırsa, həmin adam şahzadə olmalıdır”, – Tramp vurğulayıb.

ABŞ prezidenti onu da əlavə edib ki, Səudiyyə kralı Salman bin Əbdüləzizin jurnalistin başına gələnlərdən xəbəri olmayıb.

Qeyd edək ki, bundan əvvəl Tramp Kaşoqinin ölümünü “tarixdə üstü örtülməyə çalışılan ən pis qətl” adlandırıb. Vaşinqton həmçinin, jurnalistin ölümündə məsuliyyət daşıyan Səudiyyə rəsmilərinə qarşı sanksiya olaraq viza verilməsini dayandıracağını bildirib.

Xatırladaq ki, Oktyabrın 2-də “The Washington Post” qəzetinin səudiyyəli jurnalisti, ailə qurmağa hazırlaşan Camal Kaşoqi sənəd əldə etmək üçün Səudiyyənin İstanbuldakı baş konsulluğuna gedib. Onunla birgə gedən nişanlısını konsulluğun binasına buraxmayıblar və 5 saatdan sonra deyiblər ki, Camal artıq konsulluqdan gedib. Lakin nişanlısı buna inanmadığını və konsulluğa daxil olduğu andan Camalın yoxa çıxdığını deyib.

Hadisənin üstündən 18 gün keçdikdən sonra isə Səudiyyə Ərəbistanının baş prokuroru Saud əl-Muacib jurnalist Camal Kaşoqinin İstanbuldakı konsulluqda yaranmış münaqişə nəticəsində öldüyünü təsdiqləyib. Rəsmi məlumata əsasən, konsulluqda olarkən Camal Kaşoqi ilə onun Səudiyyəyə dönməsində israr edənlər arasında dava yaranıb və nəticədə insident jurnalistin ölümünə səbəb olub. Kaşoqinin qətli ilə bağlı Səudiyyədə açılan cinayət işi çərçivəsində 18 nəfər həbs olunub.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Səudiyyə   ABŞ  





Xəbər lenti