Nazir müşavirə keçirdi, tapşırıqlar verdi
Müşavirədə çıxış edən nazir Şahin Mustafayev 2013-cü ilin sonunadək Dövlət İnvestisiya Proqramının tam icra olunması, növbəti ildə Dövlət İnvestisiya Proqramının genişləndirilməsi, xarici və daxili investisiyaların artırılması barədə konkret tapşırıqlar verib.
Dövlət başçısının çıxışında sənayeləşmə siyasətinin davam etdirilməsinə xüsusi diqqət yetirilib, Sumqayıt Kimya Sənaye Parkının ən qısa müddətdə fəaliyyətə başlaması, regionların sosial-iqtisadi inkişafına dair 3-cü Dövlət Proqramının hazırlanması, növbəti 5 ildə bölgələrdə mövcud olan bütün sosial və iqtisadi məsələlərin həll edilməsi, 2014-cü ildə Bakıətrafı qəsəbələrin sosial-iqtisadi inkişafı Dövlət Proqramının davam etdirilməsi, yeni iş yerlərinin açılması, məktəb tikintisinin, içməli su xətlərinin çəkilişinin davam etdirilməsi kimi mühüm vəzifələr qarşıya qoyulub. İclasda ölkə rəhbəri tərəfindən ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi, əsas məhsullar üzrə özünü təminetmənin 100%-ə çatdırılması, iri fermer təsərrüfatlarının yaradılmasının davam etdirilməsi, yeni dövriyyəyə buraxılan suvarılan torpaqlarda görüləcək işlər barədə konkret təkliflərin hazırlanması və s. barədə mühüm tapşırıqlar verilib.
Nazir müşavirədə prezidentin "Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyinin yaradılması haqqında" sərəncamının Nazirliyə böyük etimad olduğunu vurğulayıb, qarşıya mühüm vəzifələr qoyulduğunu diqqətə çatdırıb, bu vəzifələrin icrası üçün Nazirliyin fəaliyyətinin səmərəli təşkili istiqamətində müvafiq tapşırıqlar verib.
Fatimə Kərimli