ABŞ sərhədlərində təhlükə böyüyür – İkinci “miqrant karvanı”

 ABŞ sərhədlərində təhlükə böyüyür –  İkinci “miqrant karvanı”
  25 Oktyabr 2018    Oxunub:2792
Zorakılıq və yoxsulluq səbəbindən Salvador, Qvatemala və Hondurası tərk edərək ABŞ-a sığınmağa çalışan miqrantların sayı artmağa başlayıb.

Azvision.az “Reuters”ə istinadən xəbər verir ki, Qvatemaladan daha 2 minə yaxın miqrant ABŞ-a keçmək üçün yürüşə başlayıb.
Onlar Meksikaya keçərək ABŞ-la sərhəddə çatmaq üçün 1800 kilometr məsafə qət etməlidirlər. Meksika hökuməti ötən həftədən etibarən başlayan ilk “miqrant karvanı”na qoşulanların isə hazırda 3600 nəfər olduğunu bildirib.

Meksika rəsmilərinin sözlərinə görə, uşaqlar da daxil olmaqla ümumilikdə qaçqın statusu almaq üçün 1699 nəfər müraciət edib. Lakin ABŞ-ın təzyiq və təhdidlərinə baxmayaraq, Meksika polisi miqrantların sərhəddə doğru irəliləməsinin qarşısını almaq üçün onlara güc tətbiq etmir.

Qeyd edək ki, “miqrant karvanı”nın yaxınlaşması ilə əlaqədar prezident Donald Tramp ABŞ-Meksika sərhəddində fövqəladə vəziyyətin yaranmasına dair xəbərdarlıq edib. Tramp həmçinin, Qvatemala, Salvador və Honduras hökumətlərini hədələyərək bildirib ki, əgər vətəndaşlarının qanunsuz miqrasiyasının məhdudlaşdırılması istiqamətində təsirli tədbirlər görməsələr, ABŞ-ın bu ölkələrə ayırdığı maliyyə yardımları dayandırılacaq. Tramp Mərkəzi Amerika ölkələrindən gələn “miqrant karvanı”nı ABŞ-ın Demokratlar Partiyası üçün biabırçılıq adlandırıb.

Bundan əlavə, vurğulanıb ki, Tramp 6 noyabrda Konqressə keçiriləcək aralıq seçkilərdə demokratlara qalib gəlmək üçün Mərkəzi Amerikadan axın edən miqrantların "cinayətkar" olması iddiasından istifadə edəcək.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Meksika   ABŞ   Miqrant  





Xəbər lenti