“Paşinyan münaqişənin həllində həlledici addım atmalıdır” - Con Bolton

“Paşinyan münaqişənin həllində həlledici addım atmalıdır” -  Con Bolton
  25 Oktyabr 2018    Oxunub:3373
"Dağlıq Qarabağ münaqişəsinin həlli çətindir, çünki əgər bu asan olsaydı, münaqişə indiyədək həllini tapardı"
Azvision.az xəbər verir ki, bunu Ermənistanda səfərdə olan ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Con Bolton İrəvanda keçirdiyi mətbuat konfransında çıxışı zamanı deyib. O, bildirib ki, nizamlanmada ilk növbədə münaqişə tərəflərinin özləri maraqlı olmalıdır.

“Mənim səfərim ABŞ-ın mövqeyinin dəyişməsi, yaxud özümlə yeni həll təklifləri gətirməyim anlamına gəlmir. Sələflərimdən biri olan Cim Beykerin də söylədiyi kimi, heç kəs tərəflərin özü qədər sülh istəmir”.

Bolton onu da vurğulayıb ki, Ermənistana olan xarici təzyiqin azaldılmasının ən düzgün yolu Qarabağ müanqişəsinin həllinin təmin edilməsidir.

Onun sözlərinə görə, münaqişə tərəfləri hər bir şey barədə müzakirə apara, danışa bilərlər və danışmalıdırlar. Trampın köməkçisi həmçinin, Ermənistanın baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyandan Qarabağ münaqişəsinin həlli üzrə konkret addımlar gözlədiyini deyib.

“Əgər seçkilər nəticəsində Paşinyan və onun siyasi partiyası güclü mandat əldə etsə, bu, münaqişənin nizamlanması məsələsində həlledici addımların atılması üçün yaxşı imkan olacaq”, - Bolton vurğulayıb.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Con-Bolton   Müşavir   ABŞ  





Xəbər lenti