Pentaqon: Kaşoqinin qətli Yaxın Şərqdə sabitliyi sarsıdır

 Pentaqon:  Kaşoqinin qətli Yaxın Şərqdə sabitliyi sarsıdır
  27 Oktyabr 2018    Oxunub:3187
Səudiyyəli jurnalist Camal Kaşoqinin qətli Yaxın Şərq regionunda sabitliyi sarsıdır.
Azvision.az “Reuters”ə istinadən xəbər verir ki, bunu ABŞ-ın müdafiə naziri Ceyms Mettis Bəhreyndəki təhlükəsizlik üzrə “Manama Dialoq Sammiti”ndə çıxışı zamanı deyib. O, bildirib ki, ABŞ jurnalistin qətlində məsuliyyət daşıyanlara qarşı adekvat tədbirlər görəcək.

“Sülhə olan ortaq maraqlarımız və insan hüquqlarına sarsılmaz hörmətimizdən çıxış edərək deməliyəm ki, Camal Kaşoqinin diplomatik qurumda öldürülməsi bizim hamımızı ciddi narahat etməlidir. İstənilən millətin beynəlxalq normalara və qanunun aliliyinə riayət edə bilməməsi ən çox ehtiyac duyulduğu bir vaxtda regional sabitliyi sarsıdır”, – Mettis vurğulayıb.

Lakin bununla belə, Pentaqonun rəhbəri Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsinin adını çəkməyib.

Çıxışı zamanı Mettis həmçinin, İranın regionda fəaliyyətinə də toxunaraq, Tehrandakı rejimi Yaxın Şərqdə gərginlik yaratmaqda ittiham edib. Onun sözlərinə görə, Bəşər Əsədin hələ də Suriyada hakimiyyətdə qalmasında məhz İran və Rusiya günahkardır.

Leyla Elbrusqızı
Azvision.az


Teqlər: Səudiyyə   İran   ABŞ   Rusiya  



Xəbər lenti