Qardaşı narkotik qaçaqmalçısı olan nazir istefa verdi

Qardaşı narkotik qaçaqmalçısı olan nazir istefa verdi
  27 Oktyabr 2018    Oxunub:3575
Albaniyanın daxili işlər naziri Fatmi Cafay istefa verərək vəzifə səlahiyyətlərinin icrasını dayandırıb.

Azvision.az “Reuters”ə istinadən xəbər verir ki, Cafayı Albaniya baş naziri Edi Ramanın təhlükəsizlik məsələləri üzrə məsləhətçisi, sabiq ordu generalı Sander Lleşi əvəzləyəcək.
Albaniya polisinin bir həftə əvvəl uğurlu əməliyyat keçirərək narkotik vasitələrin satışı ilə məşğul olan irimiqyaslı şəbəkənin 27 üzvünü və onlarla əlbir olan Sosialist partiyasının iki sabiq vəkilini həbs etdikdən sonra nazirin istefa verməsi çoxlarında təəəcüb doğurub.

İstefaya münasibət bildirən baş nazir Edi Rama Cafaya hüquq-mühafizə orqanlarında islahatlara doğru açdığı yola görə təşəkkürünü bildirsə də, onu əvəzləyəcək Sanderdən cinayətkarlıqla mübarizə sahəsində daha çevik və effektiv nəticələr gözlədiyini bildirib.

Qeyd olunub ki, Fatmi Cafay vəzifədə olduğu 19 ay ərzində müxalifət tərəfindən istefa təzyiqlərilə üzləşib. Buna səbəb isə Cafayın ögey qardaşının narkotik qaçaqmalçılığı ilə məşğul olması və buna görə 2000-ci illərin əvvəlində İtaliyada ona 7 il müddətinə azadlıqdan məhrumetmə hökmü verilməsidir. Cafayın ögey qardaşı məhz o, daxili işlər naziri təyin olunduqdan 3 həftə sonra İtaliya hökumətinə təslim olaraq cəzasını çəkməyə razı olub.

Albaniyanın müxalif Demokratlar partiyasının lideri Lulzim Başa deyib ki, Cafay Avropada qardaşı narkotik qaçaqmalçısı olan yeganə daxili işlər naziridir və ölkə siyasəti cinayətlərdən təmizlənməlidir. Lakin daxili işlər naziri ona olan təzyiqlərə tab gətirərək qardaşına arxa çevirməyib. Bu mənada istisna edilmir ki, Cafayı müxalifətlə baş edə bilməyən baş nazirin özü istefaya göndərib.

Xatırladaq ki, Albaniya NATO üzvü olsa da, hələ də Avropa İttifaqına daxil deyil. Brüsselə görə Albaniya İttifaqa qoşulmaq istəyirsə, ilk növbədə narkotik ticarəti daxil olmaqla mütəşəkkil cinayətkarlıqla, həmçinin, korrupsiya ilə mübarizə aparmalıdır. Bu mənada, ögey qardaşı ilə bağlı məsələyə rəğmən Fatmi Cafay Albaniyada ədliyyə sistemini korrupsiyadan təmizləmək istiqamətində ciddi islahatların təşəbbüskarı kimi tanınır.

Leyla Elbrusqızı
Azvision.az


Teqlər: Albaniya   Avropaİttifaqı   NATO  





Xəbər lenti