Avropa tezliklə İranı ABŞ-ın sanksiyalarından xilas edəcək

 Avropa tezliklə İranı ABŞ-ın sanksiyalarından xilas edəcək
  27 Oktyabr 2018    Oxunub:2833
Avropa İttifaqı ABŞ-ın sanksiyalarından qorunmaq üçün İrana söz verdiyi yeni maliyyə mexanizmi üzrə işləri tezliklə yekunlaşdıracaq.
Azvision.az “Tasnim” agentlyinə istinadən xəbər verir ki, bu barədə İran Mərkəzi Bankının sədri Əbdülnasir Hemməti bildirib. Onun sözlərinə görə, ötən həftə Brüsseldə keçirilən görüşdə İranla Avropa İitifaqı arasında ticarət mübadiləsi üçün yeni ödəmə kanalının detalları müzakirə olunub.

Hemməti deyib ki, İttifaqla Tehran arasında bir növ valyuta paktına bənzəyəcək bu kanal tez bir zamanda açılaraq fəaliyyətə başlayacaq. Bununla da, İranla biznes əlaqələri olan əcnəbi şirkətlər Amerikanın sanksiyalarından yayınaraq ziyana düşməyəcəklər.

Xatırladaq ki, sentyabrın sonlarında BMT Baş Assambleyasının sessiyası çərçivəsində Nyu-Yorkda görüşən Rusiya, Çin, Almaniya, Böyük Britaniya və Fransa xarici işlər nazirləri Tehrandan təbii qaz və neft idxalına dair ödəmələr daxil olmaqla, ümumi ticarət əməliyyatlarının asanlaşdırılması və İranda bizneslə məşğul olan şirkətlərinin ABŞ sanksiyalarından qorunması üçün xüsusi ödəniş kanallarının yaradılmasını nəzərdə tutan yeni bir maliyyə mexanizminin formalaşdırılması barədə razılığa gəliblər.

Leyla Elbrusqızı
Azvision.az


Teqlər: İran   Avropa   ABŞ  





Xəbər lenti