Gürcüstanda səsvermə başa çatdı - YENİLƏNİR

Gürcüstanda səsvermə başa çatdı  -  YENİLƏNİR
  29 Oktyabr 2018    Oxunub:11251
Gürcüstanda prezident seçkilərində səsvermə başa çatıb. Saat 20:00-da bütün seçki məntəqələri bağlanıb.
***
Saat 17:00-a olan məlumata əsasən, Gürcüstanda seçici fəallığı 38,6% təşkil edib.

Azvision.az xəbər verir ki, Gürcüstan Mərkəzi Seçki Komissiyasından bildirilib ki, ən yüksək seçici fəallığı Ambrolauri (53,6%), ən aşağı seçici fəallığı isə azərbaycanlıların sıx yaşadığı Marneuli rayonunda (28,7%) qeydə alınıb. Tbilisidə isə seçici fəallığı 36,2% olub.

***
Gürcüstanda keçirilən prezident seçkilərində artıq 1,5 milyona yaxın seçici səs verib.

Azvision.az xəbər verir ki, bu barədə Gürcüstan Mərkəzi Seçki Komissiyası məlumat yayıb.

Bildirilib ki, saat 16:00-dək seçici fəallığı 31 faizdən çox olub. Səsvermə zamanı heç bir ciddi qanun pozuntusu qeydə alınmayıb. Seçicilərdən və müşahidəçilərdən də qanun pozuntusu barədə MSK-ya müraciət daxil olmayıb.



***
Gürcüstanda keçirilən prezident seçkiləri ilə əlaqədar bu saata olan məlumatlar açıqlanıb.

Azvision.az-ın məlumatına görə, Gürcüstan MSK-nın mətbuat katibi Anna Mikeladze bildirib ki, indiyədək 1 milyondan çox seçici səs verib. Saat 15:00-da seçici fəallığı 30,98 faiz təşkil edib.

***
Gürcüstanda prezident seçkilərində səsvermə davam edir.

Azvision.az xəbər verir ki, ölkənin hazırki prezidenti və baş nazir Tbilisidə seçki məntəqəsinə gedərək səs vermə hüququndan istifadə ediblər.

Gürcüstan prezidenti Georgi Marqvelaşvili jurnalistlərə açıqlamasında "mən hər kəsin prezidenti olacaq namizədə səs verdim" deyib.

Baş nazir Mumuka Baxtadze isə seçki prosesinin şəffaf və ədalətli keçirildiyini bildirib.

Qeyd edək ki, səsvermə yerli vaxtda saat 20:00-da başa çatacaq.



***
"Gürcü Arzusu - Demokratik Gürcüstan" partiyasının sədri Bidzina İvanişvili hesab edir ki, prezident seçkilərində ikinci turun olma ehtimalı çox aşağıdır.

"Gürcüstanın Avropa seçimi üçün səs verdim. İkinci turun olma ehtimalı çox aşağıdır, amma belə ehtimal var. İkinci tur olarsa, heç bir sual işarəsi olmayacaq, 100% Salome Zurabişvili qalib gələcək", - deyə İvanişvili söyləyib.

***
Gürcüstanda prezident seçkiləri başlayıb.

Azvision.az xəbər verir ki, səsverməyə yerli vaxtla saat 8:00-da start verilib.

Prezidentlik uğrunda 25 namizəd mübarizə aparır. Onlardan 19-nun namizədliyi siyasi partiyalar, 6 nəfərin namizədliyi isə seçicilərin təşəbbüs qrupları tərəfindən irəli sürülüb. İki nəfər seçki marafonunda mübarizəni dayandırıb.

Ekspertlərin fikrincə, seçkidə əsas mübarizə üç namizəd - keçmiş xarici işlər naziri Salome Zurabişvili, "Güc və Birlik" müxalifət blokunun namizədi Qriqol Vaşadze və Avropa Gürcüstanı Partiyasının namizədi David Bakradze arasında gedəcək.

Seçki ilə əlaqədar 3730 seçki məntəqəsi yaradılıb. Onlardan 55-xarici ölkələrdə yerləşir. Seçicilərin ümumi sayı 3 milyon 518 min 877 nəfərdir. Xaricdə 14 min 795 seçici qeydiyyata alınıb. Seçki bülletenləri gürcü, Azərbaycan və erməni dillərində çap olunub.

Qeyd edək ki, Gürcüstanda prezident 6 il müddətinə seçiləcək.

Azvision.az



Teqlər: Gürcüstan   Seçki  





Xəbər lenti