Onu mən öldürdüm

Onu mən öldürdüm
  06 Mart 2013    Oxunub:2066
Dilman Şahmərdanlı

Budur, qəbrinlə üz-üzə dayanmışam, ziyarətinə gəlmişəm. Gözlərimdən sürətlə üzümə axıb, paltarıma tökülən göz yaşlarım sanki leysan yağışı ilə səs-səsə verib. Birinci dəfə deyil, mən hər gün burdayam sevgilim... qəribədir: sevgilim, bəli sevgilim, sənin yanında, amma səni hiss edə bilmirəm, bu dərd məni ödürür. Əlimi başdaşına vururam, soyuğu məni üşüdür.
Xəyalınla isinmək istəyirəm, kədəri məni dondurur. Sənə qarşı elədiklərim ruhumu dəmir qəfəsə salmış, sümüklərimi xurd-xəşil edərək, belimi əymişdir.
Mən indi bütün varlığımla səni arzulayıram. Mən indi bütün hayqırtımla sənə ağlayıram. Sənəmi? Yox, yox, sənə nə var ki! Xoşbəxt yaşadın, xoşbəxt öldün. Mən özümə ağlayıram, özümə! İndi bütün ömrümü səninlə görüş saniyəsinə qurban verərəm, amma sən sağ olanda sənə vaxt ayırmağı, səninlə maraqlanmağı vaxt itkisi sayırdım. Onda mənə dostlar, tanışlarla vaxt keçirmək daha ciddi görünürdü... Sanki hər şey əlimdən çıxacaq kimi gəlirdi mənə, amma sən əlimdə idin, heç yana da qaça bilməzdin. Buna görə də sənə vaxtımın ən dəyərsiz bölümünü ayırırdım. Evə vaxtımın yorğununu gətirir, əsəbimi daşıyırdım. Sanki sənin vəzifən yemək bişirmək. paltar yumaq-ütüləmək, ev təmizləmək imiş! Sanki mən ağa, sənsə mənim (və bizim) nökərimizmişsən! Sanki səni Allah kişiyə xidmətçi olaraq yaradıbmış. Sanki... indi bu “sanki”lər küt alət kimi beynimə çırpılır, az qalır ağrının şiddətindən gözlərim tutulsun, dişlərim xıncım-xıncım olsun.
Mən indi tək Allahımdan savayı kimə şikayətlənim? Mən nə ağır yatmışammış, İlahi! Şeytan məni nə yaman yatırdıb, qəflətə salıbmış! Nəfsim əməllərimə necə don geyindiribmiş! Görünür, məlumdur ki, məni yalnız sənin ölümün ayılda bilərmiş... günahsız bir insanın göz yaşları ilə ayılmayan kişini özgə nə ayılda bilərdi ki?! Halbuki dəfələrlə mənə demişdin ki, mənim səndən və Allahdan başqa kimsəm yoxdur, mənə bir belə etinasız olma... Doğrudan da, sənin sahibin varmış, O sənə sahib çıxdı, mənə də göstərdi ki, O Özü yiyəsizlərin, sahibsiz bilinənlərin yiyəsi, sahibidir. Ah...!
Hər gün evə gələrkən, uşağın şən səsləri məni bezikdirirdi, hirsimi səndən çıxırdım. Sən isə sadəcə göz yaşı tökürdün. Allah məni öldürsün! Allah məni bağışlamasın! İndi mənə ölüm də çətindir, bu qara üzlə sənin o parlaq üzünə necə baxaram? Ah... mən ölümü neynirəm, mən çoxdan ölmüşəm onsuz da! Mən ayaq üstə gəzən cənazəyəm, bircə dəfn edənim çatmır. Mən sənə etinasız yanaşdığım, sənin kövrək varlığını, hər şeydən dəyərli vucudunu görməməzliyə vurduğum gündən ölmüşdüm, amma bilmirdim... indi bildim.
Sən nə qədər xoşbəxtsən, canını mənim zülmümdən, hamısından daha ağırı isə, mənim biganəliyim və etinasızlığımdan qurtarmısan. İndi cənnət sənin ayaqların altındadır. Amma mən səni çox ucuz bilmişdim. Nə elədim, özümə elədim, kimə neynədim ki?!
Sən bir həyat yoldaşı olaraq boynuna götürdüyün, əslində vəzifən olmayan işləri bütün yorğunluğuna, ağrı-acılarına baxmayaraq çox gözəl şəkildə yerinə yetirirdin. Amma mən vəzifəm olan heç bir işi vəzifəm deyilmiş kimi öhdəsindən gəlmədim. Mən nə qədər yazıq və aciz imişəm! Halbuki başqaları mənim zahirimə aldanmışdılar, çöldə mələk, evdə iblis idim mən. Çöldəki bütün nigarançılıqlarımı, yorğunluqlarımı, aclıq və susuzluqlarımı evə gətirib ailə həyatımı qaraldan, şeytan məskəninə çevirən mən!
Mən kiməm? Heç kim! Mən kiməm? Heç kim! Ey Allah, axı mən kiməm!! İlahi!!! Mən heç kiməm, mən heç kiməm, heç kiməm, heç kim!

***

- Bıy, başıma xeyir! Ay bala, ay Fərid, nə olub sənə, sayıqlayırsan? Heç kim nədir, yenə nə Ay Allah, Allah salmısan, səsin aləmi bürüyüb. Yatmışdın?
― Nə? Necə? Yatmışam? Ana, mən yatmışam?
― Axı nə olub sənə! Yuxu görürdün?
― Yuxu? Mən yuxu görürdüm? Yuxu? Yuxu idi? Mən yuxumu görürdüm? Gördüklərim yuxu idi? Ana! ― deyə qışqırır və dik atılır:
― Ana! Məhbubə hanı? - yenə əvvəlki tonla danışır.
― Uşağı da götürüb bazara getdi, bazarlıq etməyə - deyə anası cavab verir.
Nigaran və küt-küt səsini yüksəldir:
― Necə, bazara, özü də uşaqla? Bəs niyə o gedib, məgər mən ölmüşdüm?
― A... Ay bala, sən də qəribə oğlansan ha.... Məgər bayaq özün demədin ki, öl, canın çıxsın, get, bazarlığını et? Yorulub-ölürəm deyən sən deyildin?
Dəli kimi yerindən sıçrayaraq:
― Yox, belə olmaz, axı nə vaxta kimi... Allah məni öldürsün! - deyib, qapıdan çölə atılır.
Ana bir şey anlamayaraq başını yelləyir...

***

Bu, yuxu olmaya da bilərdi...


Teqlər:  





Xəbər lenti