Rauf Abdullayevin özəl günü: “81 il hələ azdır”

Rauf Abdullayevin özəl günü:  “81 il hələ azdır”
  29 Oktyabr 2018    Oxunub:13392
Bu gün Azərbaycanın xalq artisti, "Şöhrət" və "İstiqlal" ordeni ilə mükafatlandırılan Rauf Abdullayevin ad günüdür. 81 yaşını qeyd edən dirijor doğum günü təəssüratlarını Azvision.az-la bölüşüb.
- Rauf bəy, sizi təbrik edirəm. Və istəyirəm ki, doğum gününüzlə bağlı səmimi söhbət edək.

- Təşəkkür edirəm. Əlbəttə, olar. Amma düz yazın, demədiyimi verməyin. Bir də görürsən elə şeylər yazırlar ki…

- Narahat olmayın. 81 yaşınızı qeyd edirsiniz. Kişilər haqqında deyirlər ki, ”yaş kişinin var-dövlətidir”. İndi bu baxımdan sizi zəngin kişi hesab etmək olar?

- Bilmirəm, siz deyirsinizsə, elə olar. (gülür)

-81-dən geri sayım etsəniz, hansı yaş çağınıza dönmək, o illəri bir də yaşamaq istərdiniz?

- Sual anidən oldu, cavab verməyə çox çətinlik çəkirəm. İndi deyə bilmərəm.

- Müxtəlif musiqi əsərlərinə drijorluq etmisiniz. Bəs, həyatınızda “dirijor çubuğu” öz qüdrətini saxlaya bilibmi?

- Saxlaya bilmişəm, niyə bacarmıram ki.

- Doğum gününüzü qeyd etməyi xoşlayırsınızmı, yoxsa, siz də bir çoxları kimi təmtəraqdan qaçırsınız?

- Xeyr, xoşlamıram. 80 illik yubileyimi Flarmoniyada qeyd etdik. Ondan sonra hansısa təmtəraqlı tədbirə və ya məclisə hazırlaşmıram. Marağım yoxdur.

- 81-in kürəyini yaxşı mənada yerə vurmusunuz. 81 il bir igidin ömrüdür. Sizcə, insan həyatı ağılla, müdrikcəsinə yaşamaq üçün necə ömür sürməlidir ki, sonra geriyə boylananda peşmançılıq olmasın. Bunun hansısa bir düsturu, qaydası var, yoxsa həyatda hər şey fərdidir?

- Müdrik olmaq üçün gərək yüz ilə qədər yaşayasan. 81 il hələ azdır. Ömürü boyu insan öz üzərində işləməli, dəyişməli, inkişaf etməlidir. Nəfəsin gedib gəlirsə, deməli, nöqtə qoya bilmərsən. Sağlamsan, ömür gedir, sənə bircə axar ilə getmək qalır ki, bunu da etməlisən.

-Doğum günü hədiyyəsiz olmaz ...

- Mən hədiyyəni sevmirəm. Yaxşı musiqi ifa etmək mənim üçün böyük bir hədiyyədir.

-Dövlətdə dəvə, övladda nəvə. Nəvələriniz sizi təbrik ediblər?

- Axşam gəlib qucaqlayıb öpəcəklər. Buna söz ola bilməz. Bu da mənim üçün ən böyük hədiyyədir.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Rauf-Abdullayev  





Xəbər lenti