“Həmsədrlər Paşinyanın sözlərini ciddi qəbul etmir” – Koçaryan

“Həmsədrlər Paşinyanın sözlərini ciddi qəbul etmir” –  Koçaryan
  29 Oktyabr 2018    Oxunub:2699
"Nikol Paşinyan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində hələ də hökumətin konkret siyasətini müəyyənləşdirə bilməyib. Gec olmadan İrəvan Qarabağla bağlı əsaslı və kompleks mövqe ortaya qoymalıdır"
Azvision.az xəbər verir ki, bu barədə Ermənistanın ikinci prezidenti Robert Koçaryan “Lenta.ru”ya müsahibəsində deyib.

“Paşinyan anlayır ki, bu, olduqca həssas və diqqət tələb edən məsələdir. Onun bəyanatlarında müəyyən dərəcədə bu problemdən uzaqlaşaraq, məsuliyyəti Qarabağın üzərinə qoymaq istədiyini görürəm. Lakin bunu edə bilməyəcək – çünki Ermənistanın Dağlıq Qarabağ münaqişəsinin nizamlamasında iştirak dərəcəsi o qədər böyükdür ki, bu məsuliyyətdən yayınmaq mümkün olmayacaq. Heç kəs – nə Minsk qrupunun həmsədrləri, nə də ki beynəlxalq ictimaiyyət bunu (Paşinyanın iddialarını – red. ) ciddi qəbul edəcək. Ona görə də ən yaxşısı, münaqişə ilə bağlı ümumi mövqe formalaşdırmaq və onu Qarabağla razılaşdırmaqdır” – Koçaryan bildirib.

Sabiq prezident onu da vurğulayıb ki, Dağlıq Qarabağ münaqişəsi üzrə “manevr yolları” mövcuddur, lakin bu “yol” o qədər geniş deyil ki, Ermənistan nizamlanma prosesindən tamamilə uzaqlaşsın.

Bununla da, Koçaryan Qarabağ münaqişəsinin Ermənistan rəhbərliyi üçün sadəcə manevr, yaxud elə ermənilərin özünün dediyi kimi “alver vasitəsi” olduğunu və İrəvanın nizamlanmada maraqlı olmadığını bir növ etiraf edib.

Xatırladaq ki, Ermənistanın baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyan dəfələrlə bəyanat verərək, Qarabağdakı separatçı rejimin danışıqlar masasında tərəf kimi iştirak etməli olduğunu bildirib. Onun sözlərinə görə, İrəvan “Qarabağ xalqı” adından danışmaq səlahiyyətinə malik deyil. Lakin ATƏT-in Minsk qrupunun həmsədr ölkələri, xüsusən də Rusiya Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması üzrə danışıqların hazırkı formatının dəyişdirilməsinin yalnız münaqişənin əsas tərəfləri olan Ermənistan və Azərbaycanın birgə razılığından asılı olduğunu bildiriblər. Rəsmi Bakı isə qəti şəkildə bəyan edib ki, separatçılarla heç bir danışıq aparılmayacaq. Çünki məhz Ermənistan silahlı qüvvələri Azərbaycan torpaqlarını işğal edib.

Leyla Elbrusqızı
Azvision.az


Teqlər: Ermənistan   DağlıqQarabağ  





Xəbər lenti