Həmsədrlər İrəvandadır – Regiona səfər başladı

 Həmsədrlər İrəvandadır –  Regiona səfər başladı
  29 Oktyabr 2018    Oxunub:3263
Ermənistanın xarici işlər nazirinin səlahiyyətlərini icra edən Zohrab Mnatsakanyan bu gün ATƏT-in Minsk qrupunun ABŞ, Rusiya və Fransadan olan həmsədrləri Endryu Şofer, İqor Popov və Stefan Viskontini, həmçinin, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşiki qəbul edib.
Azvision.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Qeyd olunur ki, danışıqlar zamanı Ermənistanda yeni hökumətin formalaşmasından sonra həyata keçirilən görüşlər və həmsədrlərin regiona səfərləri müzakirə olunub. Bu mənada, Mnatsakanyan görüşlərin müsbət dinamikasından razılıq ifadə edib.

Tərəflər həmçinin, sentyabrda MDB dövlət başçılarının Düşənbədəki sammiti çərçivəsində Ermənistan baş naziri Nikol Paşinyanla Azərbaycan prezidenti İlham Əliyev arasında keçirilən görüşə və əldə olunan razılaşmalara da toxunublar. Mnatsakanyan bildirib ki, həmin razılaşmaların praktikada tətbiqi sülh atmosferinin yaradılması məqsədi daşıyır. Onun sözlərinə görə, münaqişənin nizamlanması istiqamətində hərbi ritorikadan imtina edilməsinin vacibliyi aktual olaraq qalır.

Görüşdə eləcə də, Minsk qrupu həmsədrlərinin növbəti addımları da müzakirə edilib. Qeyd olunub ki, vasitəçilər İrəvandan sonra Xankəndinə, daha sonra isə Bakıya gələcəklər.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Ermənistan   DağlıqQarabağ   Minskqrupu  





Xəbər lenti