Səudiyyə prokuroru Kaşoqinin öldüyü yerə baxış keçirib - Yenilənib

Səudiyyə prokuroru Kaşoqinin öldüyü yerə baxış keçirib -  Yenilənib
  30 Oktyabr 2018    Oxunub:3105
Səudiyyəli müxalif jurnalist Camal Kaşoqinin qətli ilə əlaqədar araşdırma aparmaq üçün Türkiyəyə gələn Səudiyyə Ərəbistanının baş prokuroru Səud əl-Muacib ölkəsinin İstanbuldakı baş konsulluğuna gedərək cinayət yerinə baxış keçirib.
Azvision.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, baş prokuror konsulluqda araşdırma apardıqdan sonra binanı tərk edib.

Əl-Muacib Kaşoqinin ölümü ilə bağlı Ər-Riyadın açdığı cinayət işi çərçivəsində aparılan istintaq üçün sübutlar toplamaq niyyətindədir.

Qeyd edək ki, bundan əvvəl türkiyəli həmkarı İrfan Fidanla 1 saat 15 dəqiqəlik görüşdə əl-Muacib Kaşoqi cinayəti ilə bağlı Ankaranın əldə etdiyi bütün dəlillərin Səudiyyəyə təqdim olunmasını israrla tələb etməsinə rəğmən, rədd cavabı alıb. Türkiyə rəsmiləri istintaqın İstanbul prokurorluğu tərəfindən aparılmalı olduğunu bildiriblər.

Xatırladaq ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan cinayət hadisəsinin İstanbulda qeydə alındığını əsas gətirərək, qətldə əli olan 18 nəfərin Türkiyədə mühakimə olunmasını təklif edib. Səudiyyə Ərəbistanının xarici işlər naziri Adil əl Cubeyr isə cavab olaraq bildirib ki, həmin şəxslər Türkiyəyə təhvil verilməyəcək.

Leyla Elbrusqızı
Azvision.az




Teqlər: Səudiyyə   Türkiyə  





Xəbər lenti