Assanj ABŞ-a təslim edilir

Assanj ABŞ-a təslim edilir
  30 Oktyabr 2018    Oxunub:2239
Ekvador hökuməti “Wikileaks” saytının qurucusu, ABŞ diplomatlarının sirrləri, Amerikanın yüksək vəzifəli şəxslərinin korrupsiya əməlləri və məxfi dinləmələri, casusluq qalmaqalları, həmçinin, ABŞ-ın hərbi cinayətlərilə bağlı çox sayda olduqca məxfi sənədləri aşkarlayaraq dünya ictimaiyyətinə yayan avstraliyalı jurnalist Culian Assanjı ABŞ-a təslim etmək qərarına gəlib.
Azvision.az xəbər verir ki, bu barədə Assanjın özü məhkəmə iclasında bəyan edib. Belə ki, 2012-ci ildən etibarən Ekvadorun Böyük Britaniyadakı səfirliyində sığınacaq alan və 2017-ci ilin dekabrında Ekvador vətəndaşlığı alan Assanj bu ölkənin Xarici İşlər Nazirliyini məhkəməyə verib. Səbəb səfirlikdə yaşadığı müddətdə onun barəsində siyasətə qarışmamaq, ziyarətçi qəbul etməmək, ya da əlaqələrinin məhdudlaşdırılması kimi qərarlar verilməklə konstitusion hüquqlarının pozulmasıdır.

Lakin ötən gün keçirilən məhkəmə iclasında Ekvadorun dövlət prokuroru İniqo Salvador Assanjın şikayət və iradlarını rədd edərək bildirib ki, qaydalara riayət edəcəyi təqdirdə istədiyi qədər səfirlikdə qala bilər. Video bağlantı ilə iclasa qatılan Assanja görə isə ABŞ-ın təzyiqləri üzündən Ekvador onun Londondakı səfirliyində sığınmasına son verməyi planlaşdırır. O hətta hesab edir ki, Ekvadorun prezidenti Lenin Moreno bu barədə artıq qərar da qəbul edib, lakin rəsmi olaraq hələ bəyan edilmir.

Ekvadorun xarici işlər naziri Xose Valensiya isə bildirib ki, Assanjın onları məhkəməyə verməsindən məyus olublar və artıq bundan sonra Assanjın adından Londonla danışıqlar aparmayacaqlar.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Ekvador   Britaniya   ABŞ   Wikileaks  





Xəbər lenti